Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.Xəlilova/
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan Mərkəzi Bankına (AMB) bank sektorunun konsolidasiyası strategiyasının hazırlanmasında yardım göstərməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə ölkə hökumətindən deyiblər.
Məsləhətləşmələrin aparılması məqsədilə mayın 4-dən 13-dək BMK-nın məsləhətçisi Piter Hayvard Bakıda olub.
Bank sektorunun konsolidasiyasını Mərkəzi Bank özü üçün uzunmüddətli perspektiv kimi müəyyənləşdirib və hazırda bankların müəyyən saya çatdırılması baxımından möhkəmləndirməyə tezliklə nail olmaq vəzifəsi qarşıda durmur.
Bundan əvvəl AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri Rəşad Orucovun Trend-ə dediyinə görə, kosolidasiya təbii yolla olmalıdır.
"Həm də ki, Mərkəzi Bankın sayla bağlı tələbləri kapital - onun səviyyəsi, adekvatlığı baxımından sərtləşdirilir. Keyfiyyətli tələblər haqqında danışsaq, idarəetmənin keyfiyyətinə, risk-menecmentin keyfiyyətinə, texnologiyaya, bankların insan resurslarına diqqət artır", - Orucov qeyd edib.
Prinsipcə, bu tələblərə cavab vermək üçün banklar tərəfindən çoxlu səy tələb olunur. Belə ki, uzunmüddətli ciddi investisiyalar, inkişaf üzrə uzunmüddətli planlar lazımdır. Onun fikrincə, hər bir bank Mərkəzi Bankın tələblərinin yerinə yetirilməsi baxımından öz imkan və perspektivlərini qiymətləndirməlidir.
"Banklar görsələr ki, bazarda qalıb işləmək və bu tələblərə uyğun olmaq üçün onların kifayət qədər perspektiv, imkan və resursları var, AMB-nin belə banklarla heç bir problemi olmayacaq. Banklar özləri görsələrki, bu baxımdan hansısa çatışmazlıq və bazarda qalmaq üçün onlara hansısa formada birləşmək lazımdır, bu, bankların öz qərarı olacaq. 5 ildən sonra bazarda 20 bankın qalması ilə bağlı qarşımıza konsolidasiya üçün heç bir zorakılıq forması qoyulmayıb. Bizim üçün keyfiyyətli, yaxşı idarə edilən, stabil banklar maraqlıdır. Bu bizim konsolidasiya ilə bağlı məqsədimizdir", - Orucov vurğulayıb.
Onun sözlərinə görə, bankların konsolidasiyası ilə bağlı plan bankları birləşməyə və ya onları bağlamağa məcbur etməkdən ibarət deyil. "Bu proses yalnız bankların səhmdarlarının qərarı əsasında, həm də bank olmayan kredit təşkilatına çevrilmə halında gedə bilər. Bu, "Bank fəaliyyəti haqqında" qanuna müvafiq dəyişikliklər edildikdən sonra mümkün olacaq. Bu birmənalı qərar üçün təkcə Mərkəzi Bank kifayət etməyəcək", - o bildirib.
Ölkənin bank sistemində artıq Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı ilə bankların konsolidasiyasının uğurlu təcrübəsi var. İndiki "Unibank" 2002-ci ildə iki kommersiya bankı - "MBank" və "Promtexbank"ın birləşməsi nəticəsində yaranıb. Orada AYİB 15 faizlik iştirak payı alıb. Bunun ardınca 2005-ci ildə "Bank of Baku" ASC-nin "IlkBank"la birləşməsi baş verib.
Mərkəzi Bank hələ 2010-cu ildə bankların konsolidasiyası prosesinin aktivləşdiyini bəyan etmişdi.
Hazırda AMB-nin kapitallaşdırma üzrə minimal tələblərinə cavab verməyən banklar bazarda əhəmiyyətli paya malik olmasalar da, Mərkəzi Bank gündəliyə bankların birləşməsi məsələsi və ya gələcəkdə tələblərə cavab verməyən bankların sistemdən çıxarılması məsələsinə baxa bilər.
"Bank olmayan kredit təşkilatları haqqında" qanunun qüvvyə minməsi ilə əlaqədar bu kateqoriyalı banklara mülkiyyət formasının bank olmayan kredit təşkilatına dəyişdirilməsi təklif oluna bilər. Ümumilikdə kapitalın böyüdülməsi məqsədilə konsolidasiyaya getməyən banklara BOKT-a çevrilmək təklif ediləcək", - bundan əvvəl Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda 44 bank fəaliyyət göstərir. Onların 22-nin kapitalında xarici kapitalın iştirakı var.
AMB-nin statistik məlumatlarına görə, kapitalı 10 milyon manatı ötən bankların sayı martın yekunları üzrə 41 ədəd təşkil edərək 2010-cu ilin sonu ilə müqayisədə 1 bank azalıb, 2011-ci ilin fevralı ilə müqayisədə isə 1 bank artıb. Bu kateqoriyadan olan bankların ölkənin bütün banklarının məcmu kapitalında xüsusi çəkisi ilin əvvəlində olduğu kimi 98,9 faiz, fevralda isə 98,5 faiz təşkil edib.
Banklardan ikisində (0,9 faiz xüsusi çəki ilə) kapital 5 milyon manatla 10 milyon manat, bir bankda isə (0,2 faiz) 3,5 milyon manatla 5 milyon manat arasında formalaşıb.
Mayın 19-na olan rəsmi məzənnə 0,7903 AZN/USD təşkil edir.