Azərbaycan, Bakı, 20 may /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ilin sonunadək Bakıda və onun qəsəbələrində investisiya layihələrinin maliyyələşdirilməsinə 30-35 milyon manat yönəltməyi planlaşdırır. Bu barədə Trend-ə SKMF-nin icraçı direktoru Şirzad Abdullayev deyib.
"Bizim proqnozlarımıza görə, Bakıda və onun qəsəbələrində 30-35-ə yaxın iri layihəni maliyyələşdirə bilərik və resurslar kifayət etməsə, digər mənbələr hesabına vəsaitlərin cəlb edilməsi mümkündür", - Abdullayev qeyd edib.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Azərbaycan Prezidenti ilham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilib.
Abdullayevin sözlərinə görə, dövlət proqramı çərçivəsində bu ildə 32 hektarda istilikxana komplekslərinin tikintisi nəzərdə tutulub. Onlardan 20 hektarda tikintinin maliyyələşdirilməsi planlaşdırılır.
Proqramda zeytunçuluq, zəfəran istehsalı, onların emalı üzrə müəssisələrin tikintisi, quşçuluq təsərrüfatlarının, ət emalı üzrə müəssisənin və istilikxana komplekslərinin yaradılması nəzərdə tutulub.
2011-ci ilin əvvəlindən SKMF xətti ilə ayrılan vəsaitlərin ümumi həcmindən 18,5 faiz (7,8 milyon manat) Bakıda və onun qəsəbələrində 81 investisiya layihəsinin, o cümlədən 6,9 milyon manat müasir texnologiyaların tətbiqi ilə 8 iri investisiya layihəsinin, 3 çörəkbişirmə zavodunu, iki istilikxana kompleksini, quşçuluq təsərrüfatının, ət emalı və mebel istehsalı üzrə müəssisələrin yaradılmasını və dəyəri 900 min manat olan 73 kiçik layihənin həyata keçirilməsinə yönəldilib.
Mayın 20-nə olan rəsmi məzənnə 0,7902 AZN/USD təşkil edir.