...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ilk ödəniş həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2011 12:07 (UTC +04:00)
"Atəşgah" sığorta qrupunun tərkibinə daxil olan "Atəşgah Həyat" sığorta şirkəti Azərbaycanda ilk dəfə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödəniş həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ilk ödəniş həyata keçirilib

Azərbaycan, Bakı, 25 may /Trend/

"Atəşgah" sığorta qrupunun tərkibinə daxil olan "Atəşgah Həyat" sığorta şirkəti Azərbaycanda ilk dəfə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödəniş həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

2011-ci ilin fevralında "Atəşgah Həyat" sığorta şirkətində sığortalanan Bakıdakı qida sənayesi müəssisələrindən birinin əməkdaşı (sürücü) yol qəzası nəticəsində həlak olub.

Bağlanmış müqavilədəki sığorta məbləğinə görə birdəfəlik ödənişin məbləği 12 590 manat təşkil edib. Məbləğ həlak olanın övladlarına ödənilib.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanununun tətbiqinə 2010-cu ilin dekabrından başlanıb.

Qanun vətəndaşların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortası sahəsində hüquqi, iqtisadi, təşkilati əlaqələrin əsaslarını tənzimləyir və müəyyən edir.

2008-ci ilin dekabrında təsis olunan "Atəşgah Həyat" sığorta şirkəti Azərbaycanda ilk həyat sığortası şirkətidir, 2010-cu ilin dekabrından yeni qanun üzrə xidmətlər göstərməyə başlayıb.

Şirkət həyat sığortasının həyat yığım sığortası, kredit həyat sığortası, ağır xəstəliklərdən sığortalanma və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta kimi növlər üzrə xidmətlər göstərir.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997- ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.

Atəşgah Sığorta Qrupuna "Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası daxildir. 2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqqları 14,57 milyon manat, ödənişləri isə 5,26 milyon manat təşkil edib. "Atəşgah" Sığorta Şirkəti müştərilərinə 20-dən çox sığorta xidməti təklif edir.

Xəbər lenti

Xəbər lenti