Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "Paşa Bank" 2011-ci ildə ticari maliyyələşdirmə üzrə portfeli 105 milyon manatadək artırmağa hədəflənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında idarə heyətinin üzvü və bankın baş maliyyə inzibatçısı Şahin Məmmədov deyib.
Hazırda bankın ticari maliyyələşdirmə üzrə portfeli 45,3 milyon manatdır. Bu, 2010-cu ilin birinci yarısının yekunları üzrə müvafiq göstəricini 22 faiz üstələyir.
"Biz indi bir neçə layihəni nəzərdən keçiririk və portfelin artım tempi ondan xəbər verir ki, məqsədimizə çata bilərik. Lakin hər şey əlbəttə ki, bazarın fəallığından asılı olacaq", - o qeyd edib.
Onun sözlərinə görə, bank beynəlxalq maliyyə institutlarından da kredit xətlərinin cəlb edilməsini nəzərdən keçirir. Hazırda bankın cəlb etdiyi vəsaitlərin həcmi 15 milyon manata yaxındır.
Bundan əvvəl bank "Commerzbank"dan Almaniyanın ixrac-kredit agentliyi "Euler Hermes"in zəmanəti ilə 20 milyon avro məbləğində kreditin cəlb edilməsi haqqında saziş imzalayıb. İndi Fransanın "Coface" agentliyi ilə Fransa bankından maliyyələşdirmənin cəlb edilməsi üçün danışıqlar aparılır.
"Paşa Bank" 2007-ci ilin iyununda yaradılıb və Azərbaycan Mərkəzi Bankının 28 yanvar 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir.
"Paşa Bank" ASC "Paşa Sığorta" "Paşa Həyat", "Paşa Travel" və "Paşa Tikinti" ilə yanaşı "Paşa Holdinq"in tərkibinə daxildir. Holdinq faktiki olaraq klassik holdinq yox, investisiya şirkətidir. "Paşa Group"un strukturuna "Kapital Bank" da daxildir. Orada holdinqə səhmlərin 99,75 faizi məxsusdur.
Bankın səhmdarları strukturunda pay bölgüsü bu şəkildədir: "Paşa Holdinq"ə səhmlərin 60, ADOR ltd şirkətinə 30, Arif Paşayevə isə 10 faizi məxsusdur.