...

Azərbaycan sahibkarlarına 2011-ci ildə 95 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2011 20:01 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu cümə günü Qəbələ rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini keçirib.
Azərbaycan sahibkarlarına 2011-ci ildə 95 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu cümə günü Qəbələ rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini keçirib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Qəbələdəki "Emil" MMC-nin quş əti istehsalı üzrə fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Qəbələ rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan üç istiqamət üzrə - müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyanın tətbiqi ilə yenidən qurulması, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması və müasir suvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (üzüm, alma və s.) təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Bildirilib ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1158 investisiya layihəsinin maliyyələşdirilməsinə 94,9 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 57 böyük və irihəcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 79,5 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,8 milyon manat və 1095 kiçikhəcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 13,6 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 4700-ə yaxın yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. 2011-ci ilin ötən dövrü ərzində verilmiş kreditlərin 3,1 milyon manatı Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. Güzəştli qaydada maliyyələşdirilən layihələrin həyata keçirilməsi iqtisadi rayonda 200-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq subyektinə 405 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sentyabrın 9-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti