...

Rusiyada tüğyan edən donuz taunu Azərbaycan üçün təhlükə törətmir - Dövlət Baytarlıq Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2011 13:50 (UTC +04:00)
Rusiyanın Rostov vilayətində tüğyan edən donuz taunu Azərbaycan üçün təhlükə törətmir.
Rusiyada tüğyan edən donuz taunu Azərbaycan üçün təhlükə törətmir - Dövlət Baytarlıq Xidməti

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/

Rusiyanın Rostov vilayətində tüğyan edən donuz taunu Azərbaycan üçün təhlükə törətmir. Bu barədə çərşənbə axşamı Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

"Rusiyanın Rostov və digər vilayətlərində bir müddət əvvəl aşkar olunan donuzların Afrika taununa yoluxması hallarının qeydə alınması ilə əlaqədar biz artıq üç ildir ki, Rusiyadan donuz və donuz əti gətirmirik", - Xanvəli deyib.

Onun sözlərinə görə, Azərbaycanda taunun yayılmasının potensial təhlükəsi vəhşi donuzların yoluxmasıdır.

"Ev donuzlarının tauna yoluxması təhlükəsi Azərbaycan üçün təhlükə kəsb etmir", - Xanvəli bildirib.

Onun sözlərinə görə, Azərbaycana donuz əti Avropa ölkələrindən gətirilir.

RİA "Novosti"nin məlumatına görə, donuz taununun baş qaldırması səbəbindən Rostov vilayətinin Azov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu barədə çərşənbə axşamı vilayətin Fövqəladə hallardan xəbərdarlıq və onların aradan qaldırılması departamentinin mətbuat xidməti məlumat yayıb.

"Batay" fermasında donuzların kütləvi tələf olması noyabrın 4-də başlayıb. İki gün ərzində fermada 100-dən artıq donuz məhv olub. Mütəxəssislər ölmüş heyvanlardan nümunələr götürüblər. Analiz nəticəsində Afrika taunu virusu aşkar olunub. Ümumilikdə, "Batay" ASC-də 25 mindən artıq donuz saxlanılır.

Bundan əvvəl taun xəstəliyi avqustun əvvəllərində Rostov vilayətindəki Rodiono-Nesvetaysk rayonundakı "Rostov-Mir" fermasında qeydə alınıb, burada beş mindən artıq heyvan məhv olub. Buna qədər vilayətdə yarım ilə yaxın bir müddətdə virus qeydə alınmayıb.

Donuzların Afrika taunu (Montqomeri xəstəliyi) ilk dəfə 1903-cü ildə Cənubi Afrikada qeydə alınıb. Təbii şəraitdə xəstəliyə vəhşi və ev donuzları meyillidirlər. Yoluxma sağlam heyvanların xəstə heyvanlarla əlaqəsi baş verir. Xəstəlik insan sağlamlığı üçün təhlükə törətmir. Lakin müalicəyə və peyvənd profilaktikasına tabe olmadığından heyvandarlıq üçün son dərəcə təhlükəlidir.

Xəbər lenti

Xəbər lenti