...

Azərbaycandakı iri yol layihəsinin ilkin dəyəri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.İsmayılov/

İlkin hesablamalara görə, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun tam yenidən qurulmasının dəyəri 300 milyon dolları ötür. Bu barədə cümə axşamı Trend-ə ölkənin Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib.

Avtomobil yolunun yenidən qurulması Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Azərbaycan hökumətinin vəsaitləri hesabına həyata keçiriləcək.

Ötən il dekabrın əvvəllərində Azərbaycan hökuməti və AYİB Bakıda iri nəqliyyat layihəsinin həyata keçirilməsinə 750 milyon dolların verilməsi haqqında kredit sazişi imzalayıblar.

Birinci tranş tamamilə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək.

Mənbənin sözlərinə görə, layihənin dəyəri podratçının müəyyən edilməsi üzrə tenderin elan edilməsindən sonra dəqiqləşdiriləcək.

Onun sözlərinə görə, avtomobil yolunun yenidən qurulması üzrə tender bir neçə lotda elan ediləcək və bu proses 2012-ci ilin birinci yarısını əhatə edə bilər.

Yolun 156 km-lik hissəsinin müasir tələblərə uyğun yenidən qurulması təxminən yarım milyon əhalinin yaşadığı kənd yerlərində nəqliyyat xətlərini təkmilləşdirməyə, eləcə də Bakı ilə Gürcüstan arasındakı magistrala çıxışa imkan verəcək.

Lakin bir müddət əvvəl mənbə bildirmişdi ki, AYİB-in Azərbaycanın yol infrastrukturunun inkişafına ayırdığı birinci tranşın vəsaitləri hesabına Mingəçevir-Bəhramtəpə avtomobil yolunun tamamilə yenidən qurulmasını həyata keçirmək mümkün olmayacaq.

Mənbənin sözlərinə görə, bu yol layihəsinin tam başa çatdırılması üçün AYİB-in ayırdığı kredit vəsaitinin təxminən yarısı tələb olunur.

İmzalanmış kredit sazişi regional nəqliyyat dəhlizlərinə çıxmağı təmin etməyə imkan verən vacib magistral yolların yenidən qurulmasına birinci tranş çərçivəsində 250 milyon dolların ayrılmasını nəzərdə tutur. Qalan iki tranş da bərabər şəkildə ayrılacaq - hər birinə 250 milyon dollar.

Xəbər lenti

Xəbər lenti