Azərbaycanda martda 12 km dəmir yolu əsaslı təmir olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 09:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mart ayı ərzində 12 km yol əsaslı təmir olunub.

Bu gün Malay-Yevlax mənzilində 1400 metr yolun əsaslı təmiri ilə 12 km tamamlanır. Səhər saatlarında işə start verilib və köhnə yolun söküntüsü başa çatmaq üzrədir.

Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bütövlükdə indiyə kimi 73 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti