...

Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 17:17 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri xanım Orit Nokedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri xanım Orit Nokedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.

Nazir İsmət Abasov xanım Orit Nokedi səmimi salamlayaraq, Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, 2005-ci ilin 14-17 iyun tarixlərində İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyinin dəvəti ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə nazirliyin məsul işçilərindən, alimlərindən və aqrar sahədə çalışan iş adamlarından ibarət nümayəndə heyəti İsrailin kənd təsərrüfatında əldə edilmiş təcrübə və nailiyyətlərlə tanış olublar.

Nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın daha da genişləndirilməsi və yeni əlaqələrin yaradılması məqsədilə 20 fevral 2006-cı ildə Bakı şəhərində Azərbaycan-İsrail biznes forumunun keçirildiyini nəzərə çatdırıb.

Nazir İsmət Abasov Azərbaycanda əlverişli torpaq-iqlim şəraiti, yüksək ixrac potensialı və xarici investisiya qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu, yerli iş adamlarının ölkəmizin aqrar iqtisadiyyat sahələrinə sərmayə yatırmaq və yeni texnologiyalar gətirmək niyyətini nəzərə alaraq, iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi məqsədilə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində təcrübə mübadiləsi, damcı üsulu ilə suvarmanın tətbiqi sahəsində əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və saxlanması sahəsində birgə layihələrin həyata keçirilməsi, ticarət missiyalarının təşkil edilməsi, xüsusi sərgilərin keçirilməsi, ticarətin təşviq edilməsi, ticarət sərgiləri də daxil olmaqla strateji marketinq fəaliyyətlərinin həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq əlaqələrinin yaradılmasına dair təkliflərini diqqətə çatdırıb.

Abasov, həmçinin, orqanik kənd təsərrüfatı məhsul istehsalı və bu sahədə fermerlərə səmərəli məsləhət xidmətinin göstərilməsi sahəsində təcrübə mübadiləsini, məhsul yığımından əvvəlki və sonrakı avadanlıqların inkişaf etdirilməsi və kənd təsərrüfatı infrastrukturu sahəsində əməkdaşlıq, aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, aqrar-elmi tədqiqat sahəsində əldə olunmuş son yeniliklərə dair informasiya mübadiləsinin təşviq edilməsi məqsədilə aqrar sahə ilə bağlı forumların, konfransların, simpoziumların, seminarların və təlimlərin təşkilini təklif edib.

Orit Noked səmimi qəbula görə öz minnətdarlığını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti