...

Xızıda su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 15:36 (UTC +04:00)
Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib.
Xızıda su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov iştirak ediblər.

"Azərsu" ASC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Xızı rayonda yenidənqurma işləri Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə uyğun aparılacaq. Hüseynov bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.

Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe qeyd edib ki, ölkəsi infrastruktur layihələrin reallaşmasında Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bundan sonra da əməkdaşlıq davam etdiriləcək.

"Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1562 nəfər olmaqla, umumilikdə 6279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.

Layihənin 1-ci mərhələsinə uyğun olaraq mövcud Qars bulağı bərpa olunacaq və bu mənbədən saniyədə 18 litr və ya sutkada 1560 kubmetr su götürmək mümkün olacaq. Mənbədən Xızı şəhərinə qədər 7,7 km uzunluğunda polad borudan magistral su xətti çəkiləcək. Altıağac qəsəbəsinin dayanıqlı su təchizatının aparılması üçün isə Şəfa (məhsuldarlığı 61 kubmetr/sutka) və Yeddibulaq (360 kubmetr/sutka) suqəbuledici qurğuları bərpa olunacaq, qəsəbəyə qədər 1,5 km uzunluğunda su xətti çəkiləcək.

Layihənin növbəti mərhələsində 40 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq, 35 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, ümumi həcmi 4000 kubmetr olan 6 ədəd su anbarı tikiləcək, həmçinin 1400-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq.

Çirkab suları təmizləmək üçün Xızı şəhəri üçün məhsuldarlığı sutkada 800 kubmetr, Altıağac qəsəbəsi üçün isə məhsuldarlığı sutkada 250 kubmetr olan çirkab sutəmizləyici qurğuları inşa olunacaq. Layihəyə uyğun olaraq kanalizasiya şəbəkəsi üçün 3 ədəd nasos stansiyasının tikintisi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə dair kredit sazişi 2009-cu il mayın 29-da imzalanıb və sazişə əsasən, Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 32,8 milyard yapon yeni (təqribən 400 milyon ABŞ dolları) kredit ayıracaq.

Xəbər lenti

Xəbər lenti