...

Bakıda "Plastex Caspian-2012" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ə.Həsənov/

May ayının 15-dən 17-dək "Bakı Ekspo" mərkəzində 2-ci Xəzər beynəlxalq Plastik Kütlələr və Kauçuk ("Plastex Caspian-2012") sərgisi öz işinə başlayır. Trend-in məlumatına görə, bu barədə sərginin təşkilatçısı olan "Iteca Caspian"ın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Plastex Caspian" sərgisi bütün dünyada tanınmış "Plastex" sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və başqa ölkələrin plastik kütlə sənayesinin ən böyük sərgilərini birləşdirir. Sərgi bu sahəyə aidiyyəti olan peşəkarlara polimerlər bazarının dünya liderləri ilə məhsuldar ünsiyyət qurmaq və qarşılıqlı sərfəli razılıqlar əldə etmək üçün çox gözəl imkan yaradır. "Plastex Caspian-2012" sərgisi Azərbaycan Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. "Iteca Caspian LLC" şirkəti və "ITE Group Plc" şirkətləri isə sərginin təşkilatçıları qismində çıxış edirlər. Layihə ilə bağlı işlərə "ITE Group Plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "ITE" (London), "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) cəlb olunub və onlar beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edirlər. "Azerfon" MMC, AZAL və "Greenwich Travel Club" şirkətləri, habelə "Hilton Baku" və "Qafqaz Point" mehmanxanaları 2012-ci ildə keçirilən sərgilərin tərəfdaşlarıdırlar.

Builki sərgi ziyarətçilərin diqqətinə Azərbaycan, Avstriya, Bosniya və Herseqovina, Almaniya, Hindistan, İtaliya və s. ölkələrdən olan 25 şirkətin məhsullarını təqdim edəcək. Eksponentlərin geniş tərkibinə plastmas və kauçuk emalı üçün avadanlıqlar, xammal və əlavələrin istehsalçıları, həmçinin plastmas və kauçukdan istifadə etməklə istehsal olunan hazır məhsul istehsalçıları daxildir. Bu il Avstriya və Almaniyadan olan milli qruplar bu sərgidə ardıcıl olaraq ikinci il iştirak etməklə, sərgi sahəsini daha da genişləndiriblər və plastmas istehsalı üçün ən müasir avadanlıqları təqdim edən daha çox sayda şirkətlərlə çıxış edirlər. İtaliya, Bosniya və Herseqovina və Hindistan şirkətləri "Plastex Caspian-2012" sərgisinin debütantları sayılırlar. "Plastex Caspian-2012" sərgisində yerli istehsalçılar tərəfindən tutulan sahələr nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, sərgi sahəsinin 30 faizdən çox hissəsini "Afsan Fabrik", "Mega Boya", "Metak", "NJT 2000" və digər yerli şirkətlər tuturlar.

Kimya sənayesi müasir iqtisadiyyatın ən əhəmiyyətli və əsas sahələrindən biridir. Kimya məhsulları müxtəlif istehlak mallarının istehsalında, eləcə də iqtisadiyyatın kənd təsərrüfatı, emal sənayesi, tikinti və xidmət kimi sahələrində (daha geniş həcmdə) istifadə olunur. Bununla əlaqədar, sərgidə plastmas və kauçukun istehsalı və emalı üçün texnika və avadanlıqlar, ekstruderlər və ekstruziya qurğuları, üfürmə üsulu ilə formalaşdırma üçün maşınlar; termoplastavtomatlar və ləvazimatlar, penoplast istehsalı və reaktoplast emalı üçün avadanlıqlar, qaynaq avadanlıqları, köməkçi avadanlıqlar, komplektləşdiricilər, matrislər, nəzarət-ölçü cihazları və avtomatlaşdırma vasitələri, plastmas istehsalı üçün xammal və köməkçi materiallar, habelə plastmas və kauçuk emalı məhsulları təqdim ediləcək.

Azərbaycanda kimya istehsalı sənayesində inanılmaz artım müşahidə olunur və bu fakt "Plastex Caspian" sərgisinin aktuallığını bir daha təsdiqləyir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2011-ci il ərzində kimya sektorunda istehsalın artımı 27,1 faiz təşkil edib və gözlənilir ki, Azərbaycanda kimya məhsulları istehsalının artımında əsl "bum" yeni Neft-qaz emalı və Neft-kimya kompleksi və (2014-cü ildə Sumqayıt şəhərində təhvil verilməsi planlaşdırılan) karbamid zavodu, həmçinin ölkədə ən son kimya məhsullarının istehsalını təmin edəcək kiçik müəssisələrdən ibarət kimya sənaye şəhərciyi (Sumqayıt) istismara verildikdən sonra yaşanacaq.

Beləliklə, "Plastex Caspian-2012" sərgisi potensial tərəfdaşlarla məhsuldar görüşlər keçirmək, avadanlıq və məhsulların təchizatı üzrə əlverişli müqavilələr bağlamaq, həmçinin dünya plastmas və rezin-texniki məmulatlar sənayesi və onun inkişafının yeni istiqamətlərinə nəzər salmaq üçün unikal bir fürsətdir. Sərginin təşkilatçıları əmindirlər ki, bu sərgi ölkə iqtisadiyyatının müasirləşdirilməsi üçün lazım olan kimya və polimerlər sahəsində yüksək texnoloji həll variantlarının tətbiqinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti