Azərbaycan, Bakı, 22 may /Trend/
"Azərsu" ASC tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində may ayının birinci yarısında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Bakı şəhərinin müxtəlif rayonlarında 220-dək fakt aşkarlanıb.
Trend ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, bunların 70-si su xəttinə qeyri-qanuni qoşulma, 150-si isə sayğaclara müdaxilələrlə bağlı olub. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və beton istehsalı məntəqələrində rast gəlinir.
Aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən "Aylı gecə" istirahət mərkəzində içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Məlum olub ki, obyektdə içməli sudan müqavilə bağlanılmadan, qeyri-qanuni çəkilmiş 25 mm diametrli xətt vasitəsilə istifadə edilirmiş. Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və su təchizatı dayandırılıb.
Binəqədi rayonunda fəaliyyət göstərən "Montana Investment Group" şirkətinə məxsus beton istehsalı sexində CSS-40 markalı su sayğacının "Azərsu" ASC və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən vurulmuş möhürlərinə müdaxilə edilib. Nərimanov rayonu, M.Nərimanov, 2072 ünvanında yerləşən "NRS" MMC-yə məxsus "Sabirabad" kafesində cari ilin mart ayında quraşdırılmış STB-50 markalı su sayğacı özbaşına çıxarılıb.