...

Alman alimlər metanolda karbon qazından xilas yolunu görürlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2012 10:26 (UTC +04:00)
Alman alimlər metanolda karbon qazından xilas yolunu görürlər
Alman alimlər metanolda karbon qazından xilas yolunu görürlər

Alman alimlərinin son tədqiqatları göstərir ki, metanol istixana effekti yaradan karbon qazı tullantılarının azaldılmasına, bununla da planetin ekologiyasının xilas olmasına kömək edə bilər.
Bir qrup alman tədqiqatçısı karbon qazından istifadə yolu ilə alınan metanoldan alternativ nəqliyyat yanacağı kimi istifadə etməyi təklif edir. Alimlərin sözlərinə görə, bu proses planetin atmosferinə atılan СO2 tullantılarını 50 faizə qədər azaltmağa qadirdir.

Bir çox alim CO2 karbon qazını yer kürəsinin bəlası, istixana qazı adlandırır. Bu gün dünya sənayesi karbon qazını istifadə oluna biləcəyindən xeyli çox istehsal edir və Almaniyanın Frayburq Materiallar üzrə Elmi-Tədqiqat Mərkəzinin (FMF) tədqiqatçıları, başda kimyaçı alim İnqo Krossinq olmaqla hesab edirlər ki, onlar CO2-dən istifadə yolu ilə irimiqyaslı metanol istehsalına çox yaxındırlar.

Metanol - CH3OH kimyəvi formullu sadə spirtdir. Adətən onu təbii qaz komponenti olan metanın sintez-qaza çevrilməsi üçün katalizatorların tətbiq olunduğu iki mərhələdən ibarət prosesdə əldə edirlər. Bundan sonra sintez-qaz metanola çevrilmək üçün yenidən emal olunur.

Frayburq qrupu metanolun əldə olunması üçün karbon qazını hidrogenlə birləşdirməklə prosesi sadələşdirmək niyyətindədir. Alimlər bu prosesi belə təsvir edir: "CO2 istilik-elektrosentrallarının işi nəticəsində alınan işlənmiş qaz axınından filtrasiya olunaraq ayrılacaq və metanol istehsalı üçün istifadə olunacaq".

Tədqiqatçılar hesab edirlər ki, Almaniyada illik CO2 tullantılarının 10 faizindən alına biləcək metanolun miqdarı bu ölkənin illik yanacaq tələbatını tamamilə təmin edə bilər.

Metanolu istehsal etmək üçün Krossinqin doktorantları karbon qazını yüksək təzyiq altında hidrogenlə birləşdirirlər. Bu proses hidrogenoliz adlanır. FMF tədqiqatçıları katalizatorlar qismində mis, sink, habelə sirkonium dioksidi kimi metal oksidlərindən istifadə edirlər. Bu onlara aşağı temperaturlarda reaksiya sürətini bir neçə dəfə artırmağa imkan verir.

Doktorant Elias Fray artıq bir neçə ildir ki, metanolun tədqiqi ilə məşğuldur. O deyir: "Bizim məqsədimiz yeni katalizator sistemləri və kimyəvi reaksiyanı bir neçə dəfə sürətləndirmək üçün yeni metodlar işləyib hazırlamaqdır. Metanol enerjinin toplanması üçün çox əhəmiyyətli vasitədir və onun bir çox sahələrdə böyük potensialı vardır. Biz bu potensialdan istifadə etmək istəyirik, çünki enerjinin toplanıb saxlanması və yenidən formalaşması gələcəyin mühüm mövzularıdır".

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiyanın köməyi ilə onlar yaxın iki il ərzində metanolun kütləvi miqyasda istehsalına olunmasına nail ola biləcəklər.

Frayburq qrupu metanolun həm də yanacaq elementlərində istifadə olunmaqla böyük həcmlərdə uçucu hidrogenin saxlanması vasitəsi kimi potensialını görür. Ötən il ABŞ-ın Energetika Departamenti metanolla işləyən yanacaq elementləri bazarının imkanlarının öyrənilməsində Kaliforniya şirkəti ilə əməkdaşlığa başladığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti