...

Azərbaycan və İran gömrük-buraxılış məntəqələrində maneələrin aradan qaldırılması barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2013 12:48 (UTC +04:00)
Azərbaycanın Astara şəhərində Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.
Azərbaycan və İran gömrük-buraxılış məntəqələrində maneələrin aradan qaldırılması barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Astara şəhərində Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.

Trend-in Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, görüşdə İranı Astara Gömrükxanasının rəisi Cahangir Bəxşinin, Azərbaycanı isə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Məmmədov qonaqları salamlayaraq iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açıb.

Öz növbəsində, İran nümayəndə heyətinin rəhbəri Cahangir Bəxşi azərbaycanlı həmkarları ilə növbəti görüşdən məmnunluğunu ifadə edərək Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib.

Sonra görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması, xüsusilə də xəstə və yaşlı adamların buraxılış məntəqəsindən rahat və tez keçməsinin təmin olunması məsələlərinə toxunublar.

Bundan başqa, görüşdə son zamanlar yük avtomaşınları ilə daşınan yüklərin hərəkəti zamanı yaranmış maneələrin, həmçinin Azərbaycandan İrana gedən, İrandan isə Azərbaycana gələn yüngül nəqliyyat vasitələri ilə əlaqədar problemlərin aradan qaldırılması istiqamətində məsələlər müzakirə olunub və tərəflər arasında qarşılıqlı razılaşma əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti