Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir A.Axundov/
Azərbaycan Mərkəzi Bankı (AMB) "Banklarda korporativ idarəetmə standartları haqqında Qaydalar" layihəsini hazırlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü AMB-nin rəsmi saytında yayımlanan sənəddə qeyd olunub.
Layihəyə əsasən bu qaydalar "Banklar haqqında" "Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə, habelə Bank Nəzarəti üzrə Bazel Komitəsinin "Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə prinsiplər"inə uyğun olaraq beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanıb.
Bu qaydaların əsas məqsədi korporativ idarəetmə standartlarının tətbiqi ilə banklarda etibarlı, şəffaf idarəetmə və hesabatlıq sisteminin təşkili, daxili nəzarət və risklərin idarə olunmasının təmin edilməsidir.
Bu qaydalar, əsasən korporativ idarəetmədə səhmdarların və administratorların strateji planlaşdırma prosesinin təşkili və həyata keçirilməsi, səmərəli təşkilati strukturunun yaradılması, maliyyə planlaşdırması prosesinin həyata keçirilməsi, səmərəli daxili nəzarət və hesabatlıq sistemlərinin mövcudluğunun və bank fəaliyyətini tənzimləyən hüquqi aktların tələblərinə riayət olunmasının təmin edilməsi və s. kimi əsas vəzifələrini müəyyən edir.
Qaydalar layihəsinə əsasən, idarə heyəti tərəfindən hazırlanan və Müşahidə Şurasında təstiqlənən strateji plan ən azı üç illik dövrü əhatə etməlidir.
Qaydalara əsasən bankın təşkilati strukturu və reqlamenti, Müşahidə Şurası, Müşahidə Şurasına verilən məlumat və hesabatlar, Müşahidə Şurasının fidusiar vəzifələri, Audit komitəsi, daxili komitələr, maliyyə idarəetməsi və hesabatlığı, məlumatların açıqlanması, etik davranış qaydaları haqqında ətraflı qaydalar müəyyən olunub.