...

Özəl Pilot Taxılçılıq Təsərrüfatının növbəti rekordu – hər hektardan 100 sentner qarğıdalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2013 18:42 (UTC +04:00)
Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Ağcabədi və Beyləqan rayonlarında 4800 ha sahədə Özəl Pilot Taxılçılıq Təsərrüfatı yaradılıb.
Özəl Pilot Taxılçılıq Təsərrüfatının növbəti rekordu – hər hektardan 100 sentner qarğıdalı

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Ağcabədi və Beyləqan rayonlarında 4800 ha sahədə Özəl Pilot Taxılçılıq Təsərrüfatı yaradılıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manat təşkil edir ki, bunun da 17,6 milyon manatı sahibkarın vəsaiti hesabına, 10 milyon manatı isə dövlətin güzəştli krediti hesabına həyata keçirilir. Hazırda təsərrüfatın nəzdində müasir taxıl anbarı kompleksi və özəl "Aqroservis"in tikintisi başa çatdırılıb. İdarə edilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində əlavə 1000 başlıq müasir heyvandarlıq kompleksinin, qabaqcıl texnologiyalara əsaslanan bitki yağları istehsalı zavodunun inşa olunması, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.

Təsərrüfatda suvarma işləri ABŞ istehsalı olan süni yağışyağdırma üsulu ilə müasir suvarma sistemləri (pivot) vasitəsilə, həmçinin bu sahələrdə yüksək səviyyədə əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımı əraziyə ABŞ-dan gətirilmiş "John Deere" markalı müasir texnika və aqreqatlar, o cümlədən müasir kombaynlar vasitəsilə həyata keçirilir.

Təsərrüfatın ərazisində 1875 hektar sahədə əkilmiş payızlıq ərzaq buğdasının biçini tam başa çatdırılıb və hər hektardan 55 sentnerədək olmaqla ümumilikdə 10,3 min tona yaxın yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub.

Yaxın günlərdə sınaq məqsədilə əkilmiş günəbaxan və soya sahələrində məhsul yığımına və qarğıdalı biçini həyata keçirilmiş sahələrdə növbəli əkin sisteminə uyğun payızlıq ərzaq buğdasının səpininə başlanacaq.

Hazırda 2000 hektar sahədə əkilmiş, tam elmi əsaslara söykənən müasir aqrotexniki qaydalara uyğun becərmə işləri aparılıb və yüksək vegetasiya dövrü keçmiş qarğıdalının biçininə start verilib. Biçilən qarğıdalı sahəsinin hər hektarından orta hesabla 100 sentnerdən artıq yüksək keyfiyyətli dənli qarğıdalı istehsal olunur.

Özəl Pilot Taxılçılıq Təsərrüfatında 400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda təsərrüfatda 150-dək yerli sakin, o cümlədən məcburi köçkün daimi iş yeri ilə təmin olunub ki, bunların da orta aylıq əməkhaqqı 350 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti