Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Emin Əliyev, Trend BİA-nın eksperti
Məlumdur ki, içməli su ilə təminolunma XXI əsrdə bəşəriyyət qarşısında duran əsas məsələlərdən biridir. Bu gün dünyada su çatışmazlığından iki milyardan çox insan əziyyət çəkir. 2015-ci ildə suyun müntəzəm olaraq çatışmazlığını dünya əhalisinin yarısı, daha on il sonra isə üçdə ikisi hiss edəcək. Su sürətlə ən çatışmayan təbii resurslardan birinə çevrilir. XX əsrdə Aral dənizinin ( Mərkəzi Asiya) səviyyəsinin enməsi və Saheldə (Afrika) fövqəladə quraqlığın olması ilə bağlı ekoloji problemlər dünyada geniş yayılıb.
Bunu nəzərə alaraq içməli su istənilən dövlət üçün ən qiymətli resurslardan biridir. Bu məsələnin həll olunması energetika, kənd təsərrüfatı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və ümumilikdə ölkənin sanitar sisteminin inkişafı üçün əhəmiyyətli dərəcədə vacibidir.
Dünya əhalisinin sürətli artım tempi, içməli suyun qeyri-bərabər paylanması, ətraf mühitin çirkləndirilməsi, infrastruktur üçün lazım olan sərmayələrin olmaması, suyun qeyri-rasional şəkildə idarə olunması və istifadəsi nəticəsində su ehtiyatları sürətli şəkildə tükənir.
İçməli suyun miqdarının həmişə kifayət qədər olmadığı və qeyri-bərabər bölündüyü Azərbaycanda onun səmərəli şəkildə istifadə olunması məsələsi həmişə gündəlikdə durub.
Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: "Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir".
Azərbaycanın əsas su ehtiyatları - Kür, Araz və Samur çaylarının mənbələri başqa ölkələrdədir. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaq.
Ölkə başçısı bildirib: "Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir".
Ümumi tutumu 270 milyon kubmetr su olan Taxtakörpü su anbarının istismara verilməsi ilə 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcəkdir. Bununla yanaşı 2014-cü ilin sonunda hazır olacaq Şəmkirçay su anbarının da tikintisi paralel olaraq davam etdirilir.
Azərbaycan Prezidenti vurğulayıb: "Beləliklə, Taxtakörpü su anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır".
Ölkə başçısı tərəfindən adı çəkilən Samur-Abşeron suvarma sistemi 1940-cı illərdən fəaliyyətdədir. 1950-ci illərdə Ceyranbatan su anbarına qədər kanal çəkilib. Ancaq təbii ki, vaxt keçdikcə bu infrastruktur köhnəlmiş və Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına böyük ehtiyac yaranmışdı və 1990-cı illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üçün əməli addımlar atılmağa və bu sistemin əsasında yeni sxem hazırlanmağa başlanılıb. Bu sistemin daha bir komponenti Xanarx kanalı tikilib və istifadəyə verilib.
Son 10 ildə Azərbaycanda 123 min hektar sahənin su təchizatı, 137 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılmış, 874 artezian quyusu qazılmış, 1500 kilometr yeni kanallar, 1000 kilometrdən artıq kollektor-drenaj şəbəkəsi çəkilib. Bu, meliorasiya sahəsinin gücünü əvvəlkinə nisbətən 3 dəfə artıb.
Həyata keçirilən infrastruktur layihələri ilə yanaşı Azərbaycanda Bakı və regionlarda su təchizatı sisteminin tikintisi və yenidən qurulması üzrə işlər aparılır. 2003-2013-cü illər ərzində su təchizatı və kanalizasiya sahəsinə 1,8 milyard manat dövlət büdcəsi, 779 milyon manat Dövlət Neft Fondu, 196 milyon manatı isə beynəlxalq maliyyə təşkilatlarından olmaq şərti ilə müxtəlif mənbələrdən 2,8 milyard manatdan çox vəsait yatırılıb.
İlkin məlumatlara görə, ölkədə su təchizatının yaxşılaşdırılması üzrə işlərə 8 milyard manata qədər vəsait lazımdır.
Hazırda birmənalı olaraq hədəf müəyyənləşdirilib: Nəinki Bakıda, hətta ölkə regionlarında su problemlərini birdəfəlik şəkildə həll etmək. Eyni zamanda həyata keçirilən layihələr gələcəyə hesablanmalıdır. Çünki əhalinin sayı artır, ehtiyacları böyüyür, iqtisadiyyat sürətli templərlə inkişaf edir, sənaye potensialı genişlənir. Bununla bağlı Azərbaycanda 2035-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli strategiya hazırlanıb.
Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır və əlbəttə ki, Azərbaycan gələcək illərdə ərzaq məhsullarına olan tələbatı tam şəkildə özü təmin edəcəkdir.
Prezident İlham Əliyev bildirib: "Bu da tarixi nailiyyət olacaqdır və ondan sonra biz daha çox ixrac haqqında düşünməliyik. Artıq biz düşünürük, yeni bazarlara çıxmaq üçün addımlar atılır".
Su təhlükəsizliyi olmadan ərzaq təhlükəsizliyi mövcud ola bilməz. Buna görə də yuxarıda göstərilən bütün layihələrin və proqramların həyata keçirilməsi nəinki Azərbaycanın su təhlükəsizliyini təmin edəcək, o cümlədən ölkənin davamlı inkişaf edən milli iqtisadiyyatına öz töhfəsini verəcək.