Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Cəlilabad şəhərində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 10:00-dan etibarən Cəlilabad Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbulda nazir Ş.Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ şəkildə həll edilib.
Nazirliyə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ümumiyyətlə, qəbulda 60-a yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, abadlıq işlərinin genişləndirilməsi, kənd məktəbinin təmiri, sosial və s. məsələlərlə bağlı olub.
Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, heyvandarlıq, quşçuluq, üzümçülük, meyvəçilik, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Cəlilabadda keçirilmiş vətəndaş qəbulu ilə bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılıb. Belə ki, qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bundan başqa, nazirliyin saytında və "facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə də vətəndaşların qəbula dair müraciətləri qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.