Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Gəncədə Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafı məqsədilə üzümçülük sahəsində anlaşma memorandumu imzalanıb.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə II Beynəlxalq Şərab Festivalı çərçivəsində Azərbaycan-Fransa iqtisadi əlaqələrini inkişaf etdirmək məqsədilə hər iki ölkənin iş adamları arasında üzümçülük sahəsində anlaşma memorandumu imzalanıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, iqtisadiyyat və sənaye və kənd təsərrüfatı nazirlərinin müavinləri Niyazi Səfərov və İlham Quliyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Rumıniya və Özbəkistanın Azərbaycandakı səfirləri və Fransanı təmsil edən qonaqların iştirak etdiyi tədbirdə Göygölün Mixaylovka kəndində fransız sortu olan üzüm tinglərinin əkilməsi haqqında müqavilədən əlavə, gələcəkdə Gəncədə fransız çörəyinin istehsalı barədə ilkin razılaşma da əldə olunub.
Yığıncaqda qardaş şəhərlər olan Gəncə-Strassburq əlaqələrindən, noyabr-dekabr aylarında təşkili planlaşdırılan dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəviyə həsr olunan sərgi barəsində də ətraflı müzakirələr aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, görüşlərdən məmnunluq bildirilib.