Çin siyasətçisi və islahatçısı Den Syaopinin (Deng Xiaoping) 1979-cu ilə aid "islahat və açıq iqtisadiyyat" siyasətinin davamı olaraq Çinin hazırki prezidenti Si Tszinpin (Xi Jinping) "Yeni İpək Yolu" adlı təşəbbüsü ilə çıxış edib.
Prezidentin təşəbbüsü mart ayında ÇXR parlamentində müzakirəyə qoyulub və xüsusi əhəmiyyətli layihə kimi qiymətləndirilib. "Vahid qurşaq, vahid yol" kimi də adlandırılan planın reallaşdırılması çərçivəsində layihədə iştirak edəcək ölkələrdə lazımi infrastrukturun formalaşdırılması üçün Asiya İnfrastruktur İnvestisiyaları Bankı nəzdində 40 milyard ABŞ dolları məbləğində büdcəyə malik olan fond yaradılıb.
Onlayn aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsenin sözlərinə görə, sözügedən layihəni bütövlükdə Çinin "Marşal planı" adlandırmaq tam düzgün olmasa da, nəticələrin ABŞ-ın ikinci dünya müharibəsindən sonra Avropaya verdiyi "təkan"a (kredit və infrastruktur invvestisiyaları vasitəsilə) bərabər olacağı gözlənilir. Qeyd edək ki, "Marşal planı" Vaşinqtona Avropada siyasi və iqtisadi hegemonluq üçün şərait yaradıb.
"Si Tszinpinin təşəbbüsünə əsasən "İpək Yolu" Çinin zəif inkişaf etmiş və siyasi baxımdan qeyri-stabil olan qərb bölgələrindən başlayaraq Venesiyaya qədər Avrasiyanı birləşdirəcək. Bu planın Çinin təklif etdiyi kredit və investisiya yatırımları sayəsində reallaşdırılacağı gözlənilir. Marşal planından fərqli olaraq hər bir ölkə ilkin şərtlər olmadan layihədə iştirak edə bilər", - deyə S. Yakobsen bildirib.
Bankın iqtisadçısı hesab edir ki, zəif iqtisadi inkişaf, ölkədən kapital axını və sosial gərginlik şəraitində ÇXR-in 4 trilyon dollar həcmində xarici investisiyadan əldə etdiyi gəlir çox cüzidir. Hazırda Çinin ixrac bazarlarındakı payı mütəmadi olaraq azalır: "Məhz "Yeni İpək Yolu" layihəsi Çinin Asiya və Avropanın inkişaf etməkdə olan bazarlarında mövqeyinin möhkəmlənməsi ilə yanaşı, nüfuzunun artmasına imkan verəcək".
Layihənin həyata keçirilməsi ABŞ və Avropanın hegemonluğu ilə fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondu və Dünya Bankına real alternativ yaradacaq.
Bu cür təşəbbüs təkcə Çinin deyil, bütünlükdə Asiyanın yaxın zamanda iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsindən xəbər verir. Uzun müddət ərzində dünya miqyasında inkişafın və investisiyaların aparıcı qüvvəsi olmuş region artıq siyasi baxımdan söz sahibi olmağa çalışır. Çin bunu maliyyə böhranı nəticəsində yaranmış boşluqdan yararlanaraq həyata keçirməyi planlaşdırır.
Planın səmərəli tərəfindən biri yuanı beynəlxalq valyutaya çevirərək ölkənin geosiyasi qüdrətinin artırılması imkanını formalaşdırmasıdır. Çinin bu təşəbbüsünə digər aparıcı siyasi subyektlərin reaksiyası gözlənilən idi: ABŞ hökuməti bu planı ölkənin Asiya regionuna artmaqda olan marağına qarşı atılmış addım kimi qiymətləndirir.
Artıq 60-dan çox ölkə Asiya İnfrastruktur İnvestisiyaları Bankının yeni inkişaf planına tərəfdaş kimi qoşulub. ABŞ, Yaponiya və Hindistanın hələ ki, layihədən kənarda qalması təəccübləndirici deyil.
"Fikrimcə, Çin və digər Asiya ölkələri mövcud böhran şəraitini öz iqtisadi planlarını reallaşdırmaq üçün istifadə edirlər. 1990-cı illərdə Asiyada olmuş böhrandan sonra region ölkələri qərb banklarına və kredit təşkilatlarına inamlarını itiriblər və 2010-cu ildən etibarən ixrac bazarlarını genişləndirmək məqsədilə investisiya yatırımlarını artırıb", - deyə S. Yakobsen bildirib.
Ekspert əlavə edib ki, yekunda 2 əsas nəticə formalaşır: birinci nəticə - bir neçə müddətdir ki, davam edən iqtisadi zəifləmədən sonra antikorrupsiya tədbirləri və siyasi maraqların platforması olan ölkə qismində Çinin əhəmiyyətli inkişafa nail olacağı gözlənilir; ikinci nəticə - hazırda dünya xəritəsində supergücə malik olan iki mərkəz mövcuddur: ABŞ və Çin - qlobal iqtisadi böhran şəraiti ABŞ üçün hegemonluğu əldən vermək, Çinə isə əks proses üçün imkanlar yaradır.