Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Azad Həsənli/
2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi azalaraq orta hesabla 4,2 faiz təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" analitik icmalında deyilir.
Hesabatda deyilir ki, bu azalma xüsusilə Latın Amerikası, neft ixrac edən ölkələrdə birja məhsullarına aşağı qiymətlərin təsiri və sərt xarici maliyyə şərtləri, Çin iqtisadiyyatının yenidən tarazlaşdırılması, habelə MDB, bir neçə Yaxın Şərq və Şimali Afrika ölkələrinin geosiyasi amilləri ilə əlaqədar olan iqtisadi çətinlikləri əks etdirir.
Bununla belə, BVF ekspertləri hesab edir ki, 2016-cı ildə inkişaf etməkdə olan ölkələrdə artım 4,7 faizə çatacaq: "Bu əsasən Rusiya da daxil olmaqla, Yaxın Şərq və Şimali Afrika ölkələri kimi iqtisadi çətinlik çəkən bir sıra ölkələrdə iqtisadi şərtlərin proqnozlaşdırılan yaxşılaşması hesabına olacaq".
Bundan başqa, fondun analitiklərinin fikrincə, ABŞ dollarının məzənnəsinin gələcək artımı dollarla borc öhdəliyi olan ölkələr üçün balans və maliyyələşmə riskləri yaradacaq.
Hesabatda deyilir: "Mübadilə məzənnələrinin azalması çevik kurs rejimi olan ölkələrdə neftlə əlaqədar olaraq ticarət şərtlərinin pisləşməsinin tələbata təsirini neytrallaşdırmağa yardım edə bilər. Bir çox ölkələrdə məhsuldarlığın artırılması və istehsalatda dar yerlərin aradan qaldırılmasına yönəlmiş struktur islahatlara kəskin ehtiyac var".
İnkişaf etməkdə olan ölkələrdə tələbatın saxlanılması üçün makroiqtisadiyyat siyasətinin məkanı adətən, məhdud olur. Lakin ondan maksimum dərəcədə istifadə edilməlidir: "Bu ölkələrin əksəriyyətində tələbata dəstək vergi islahatları və prioritet xərclərə yenidən baxılması vasitəsilə uzunmüddətli perspektivdə inkişaf artımında vergi-büdcə siyasətinin istiqamətini dəyişməsi yolu ilə həyata keçirilməlidir".