Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Azad Həsənli/
"Volkswagen" (VW) konserninin avtomobillərinin dünyada satışının dayandırılmısı Azərbaycan bazarına təsir etməyəcək. Bunu Trend-ə konsernin ölkədəki rəsmi distribüteri iolan "Euro Style" MMC-dən deyiblər.
MMC-dən qeyd ediblər ki, "Volkswagen"lərin satışının müvəqqəti dayandırılmasına səbəb olan problemlər Azərbaycana tədarük edilməyən dizel mühərrikli modellərlə bağlıdır: "Biz Azərbaycana yalnız benzinlə işləyən modelləri gətiririk, buna görə də "Volkswagen" avtomobillərinin ölkədə satışının dayandırılması üçün heç bir səbəb yoxdur".
Şirkətdən əlavə ediblər ki, dizel yanacağı ilə işləyən "Amork" model avtomobillər istisna təşkil edir: "Lakin onlarda hər hansı problem aşkar edilməyib. Onların Azərbaycan bazarında satışı davam edir".
Qeyd edək ki, şirkətin ABŞ-da dizel mühərrikli maşınların işlənmiş qaz buraxması üzrə testlərin nəticələrini manipulyasiya etdiyi məlum olmuşdu. Türkiyə, İsveçrə və Belçikada dizel mühərrikli maşınların satışı artıq dayandırılıb.