...

İnsan resurslarının inkişafı: Fransanın təcrübəsindən maraqlı məqamlar (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2015 15:27 (UTC +04:00)
Bu günlərdə Vergilər Nazirliyinin nümayəndə heyəti "Fransa Respublikası Dövlət Baş Maliyyə Direktorluğunun insan resursları ğzrə idarəetmə işinin təşkili" mövzusunda keçirilən tədbirdə iştirak etmək üçün bu ölkədə səfərdə olublar.
İnsan resurslarının inkişafı: Fransanın təcrübəsindən maraqlı məqamlar (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu günlərdə Vergilər Nazirliyinin nümayəndə heyəti "Fransa Respublikası Dövlət Baş Maliyyə Direktorluğunun insan resursları ğzrə idarəetmə işinin təşkili" mövzusunda keçirilən tədbirdə iştirak etmək üçün bu ölkədə səfərdə olublar. "İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" Tvinninq layihəsi çərçivəsində keçirilən tədbirlərdə təcrübə mübadiləsinin artırılması və digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin rəhbəri, vergilər nazirinin elektron audit, insan resursları və informasiya texnologiyaları sahələrinin modernizasiyası məsələləri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədovla söhbətimiz də səfərlə bağlı olub.

- Asəf müəllim, Fransa səfərinin əsas məqsədi nədən ibarət idi?

- Səfərdə başlıca məqsəd Tvinninq layihəsinə uyğun olaraq insan resurslarının inkişafı üzrə Vergilər Nazirliyinin yeni strategiyasının və fəaliyyət planının hazırlanması, daxili qaydaların və digər normativ aktların təkmilləşdirilməsi, dayanıqlı tədris-təlim sisteminin yaradılması və tətbiqi, dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsi sahəsində Fransa Respublikasının təcrübəsinin öyrənilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması idi. Parisdə Fransanın Dövlət Baş Maliyyə Direktorluğunda, Dövlət Maliyyəsi üzrə Milli Məktəbdə, direktorluğun Orlean ərazi idarəsində, Növer şəhərində yerləşən Milli Təlim Mərkəzində (ENFiP) keçirilən görüşlərdə vergi işçilərinin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlar, işçilərin karyerasının idarə edilməsi, o cümlədən onların xidməti fəaliyyətinin qiymətləndirilməsi, vəzifədə yüksəlişi, rotasiyası və motivasiyası, əməkhaqqı sistemi və onun komponentləri, vergi işçilərinin etik davranış qaydaları, menecer qrupuna dəstək və menecerlərin müşayiət edilməsi sistemi, insan resurslarının idarə edilməsi üzrə cari vəziyyət, mövcud çətinliklər və gələcək hədəflər, tədris-təlim sistemi və bu sahədə istifadə edilən texniki alətlər - proqram təminatı ilə ətraflı tanış olduq.

- Bu ölkədə vergi orqanlarına işə qəbul sistemi necə qurulub?

- Fransada işə qəbul iki istiqamətdə - xarici və daxili müsabiqə əsasında aparılır. Xarici müsabiqə kənardan işə cəlb olunan şəxslər üçün təşkil edilir. Ötən il bu müsabiqədə 70700 iddiaçı iştirak edib və 4200 nəfər işə qəbul olunub. Daxili müsabiqə isə daha yüksək vəzifələrin tutulması üçün təşkilatın əməkdaşları arasında təşkil edilir. İstisna hallarda mütəxəssislər kənardan müqavilə əsasında da işə qəbul oluna bilər.

Ən vacib odur ki, işə qəbulun təşkili də iki ixtisas qrupu üzrə aparılır.

Birinci qrup - vergi idarəetməsi üzrə xarici müsabiqə vasitəsilə işə qəbul olunmaq və A kateqoriyası almaq istəyən şəxs 5 yazılı və 2 şifahi imtahan verməlidir. Yazılı imtahanlar sintez (məntiq, nəticəçıxarma, yaradıcı düşüncə və digər xüsusiyyətləri yoxlamaq üçün), seçmə fənlər (riyaziyyat, iqtisadiyyat və ya hüquq, mühasibat) və xarici dil üzrə aparılır. Şifahi imtahan isə biri motivasiya (bu peşənin seçilməsinin əsaslandırılması) və digəri seçmə fənn (riyaziyyat, konstitusiya hüququ, mülki hüquq, cinayət hüququ, iqtisadiyyat, ekonometrika və s.) üzrə münsiflər heyəti tərəfindən aparılır. İmtahan sualları Milli Məktəbin tərkibində daimi fəaliyyət göstərən xüsusi bölmənin əməkdaşları tərəfindən hazırlanır.

Xarici müsabiqə vasitəsilə B kateqoriyası almaq üçün üç yazılı və bir şifahi (seçmə fənn) imtahan verilir. İddiaçıların sayı çox olduqda test üsulu ilə fransız dili, riyaziyyat, mədəniyyət və məntiq üzrə ilkin imtahan keçirilir. Minimal səviyyəni keçən əməkdaşlar yazılı və şifahi imtahanlara buraxılırlar.

İkinci qrup - informatika üzrə mütəxəssislərin işə qəbulu zamanı sintez (məntiq, nəticəçıxarma, yaradıcı düşüncə və digər xüsusiyyətləri yoxlamaq üçün), seçmə fənlər (riyaziyyat, iqtisadiyyat və ya hüquq, mühasibat), xarici dillə yanaşı, informatika və proqram dilləri üzrə yazılı imtahanlardan sonra şifahi imtahanlar təşkil edilir.

Müsabiqələrin təşkili regionlarda yerləşən təlim məktəbləri tərəfindən həyata keçirilir. İşə qəbul A, B və C kateqoriyaları üzrə ayrılıqda aparılır. A kateqoriyası əməkdaşa işə qəbul olunduqdan sonra karyerası üzrə iş stajindan asılı olaraq inspektor, əsas inspektor, administrator müavini, administrator və baş administrator vəzifələrini tutmaq hüququ verir. Bu kateqoriya üzrə xarici müsabiqə 5 il universitetdə təhsil almış namizədlər arasında aparılır. B kateqoriyası işə qəbul olunduqdan sonra əməkdaşa inspektor (maliyyə inzibatçısı) vəzifəsini tutmağa imkan verir. B kateqoriyası üzrə işçilər A kateqoriyası olan işçilər üçün yardımçı rol oynayırlar. B kategoriyası üzrə namizədlər 3 illik universitet təhsili alanlar olur.

Yeri gəlmişkən, hesab edirəm ki, bu tip praktikanın, yəni işə qəbulun və ilkin hazırlıq proqramlarının 2 qrup (vergi inzibatçılığı və vergi sahəsində informatika) üzrə aparılmasının Azərbaycanda da təqbiqi məqsədəuyğundur. Ölkəmizin vergi orqanlarında müvafiq imtahanları və ilkin hazırlıq proqramını uğurla keçmiş və işə qəbul olunmuş işçilər 1-ci qrup (vergi inzibatçılığı) üzrə vergi müfəttişi, 2-ci qrup (vergi sahəsində informatika) üzrə isə vergi analitiki statusları ala bilərlər.

Bunun əsaslandırılması ondan ibarətdir ki, müasir "rəqəmsal" dövrdə vergi orqanlarının əsas işi vergi qanunvericiliyinin tətbiqi ilə yanaşı, vergi ödəyiciləri və onların fəaliyyəti haqqında dövlət və özəl təşkilatlar tərəfindən verilən məlumatların e-formatda alınması və təhlili əsasında qurulur. Son illər məlumatların alınmasında və təhlilində əsas diqqət riyazi-statistika metodlarına əsaslanan informasiya texnologiyalarının tətbiqinə verilir. Ona görə də əksər aparıcı Avropa ölkələrində vergi orqanlarının 7-10%-ni informasiya texnologiyaları ilə işləyən mütəxəssislər təşkil edir. Məsələn, Fransa və İspaniyada vergi orqanlarına bu sahə üzrə mütəxəssislərin işə qəbulu ayrıca aparılır.

- İşə qəbul edilmiş əməkdaşların ilkin hazırlıq prosesi necə həyata keçirilir?

- İlkin hazırlıq kurslarının müddəti A kateqoriyası üzrə 18 aydır - onun 12 ayı əyani təhsil, 6 ayı isə praktiki təcrübədir. B kateqoriyası üzrə isə bu müddət 7 ay əyani təhsil və 5 ay praktiki təcrübədən ibarət olmaqla 12 aydır. C kateqoriyası (texniki yardımçı işçilər) üzrə müddət 6 həftədir.

A kateqoriyalı işçilərin ilkin hazırlığının əyani təhsil hissəsi iki fazaya bölünür. Hər il sentyabrın 1-də başlayan və 6 ay davam edən 1-ci fazada menecment və mühasibat fənləri tədris olunur, eləcə də təşkilat barədə (strukturu, ümumi mədəniyyət və davranış normaları, tənzimləyici aktlar, vergi qanunvericiliyi, peşəkar fəaliyyətin nəzəri əsasları və s.) müfəssəl məlumat verilir. Fevral ayında başlayan və iyul ayının sonlarınadək davam edən 2-ci fazada isə peşə üzrə vergi inzibatçılığı, dövlət idarəçiliyi kimi fənn blokları tədris olunur. Fənlərin əksəriyyəti Təlim Məktəbinin müəllimləri tərəfindən tədris edilir, praktiki xarakterli mövzuların tədrisi üçün isə vergi administrasiyasının təcrübəli əməkdaşları dəvət olunurlar.

Birinci fazada 1 həftəlik, ikinci fazada isə 2 həftəlik praktiki təcrübə keçilir. Hər iki fazanın sonunda əməkdaş yazılı və şifahi imtahan verir. İmtahanları uğurla verən əməkdaş növbəti ilin sentyabrından başlayaraq 6 ay müddətində iş yerində praktiki təcrübə keçir. Bu zaman ona rəhbər (kurator) təyin olunur. Təcrübənin sonunda rəhbərin müsbət rəyini alan əməkdaş real fəaliyyətə başlayır.

- Maraq doğuran məsələlərdən biri də işçilər üçün ixtisasartırma tədbirlərinin həyata keçirilməsidir...

- İxtisasartırma kursları işçilərin adaptasiyası, karyera yüksəlişi, iş prosesində yeniliklərin mənimsənilməsi, qanunvericilik aktlarında dəyişikliklərin öyrənilməsi məqsədləri üçün həyata keçirilir. Bu kurslar əsasən könüllü xarakter daşıyır, lakin kurslarda iştirak etmək əməkdaşın əməkhaqqının artımında və karyera yüksəlişinin təmin edilməsində nəzərə alınan əsas amillərdən hesab olunduğu üçün işçinin təlimə motivasiyası yaranır.

Əyani təhsilalma formasında təşkil edilən ixtisasartırma kurslarının müddəti 1-4 gün olur. Bu kursların məzmunu bilavasitə funksional sahə, idarəetmə və digər peşəkar biliklərlə bağlı praktiki xarakterli mövzuları əhatə edir. Kursların sonunda könüllü qiymətləndirmə keçirilir və onun nəticələrinin uçotu aparılır.

Fransada təlim müddətlərinin azaldılması üçün müvafiq tədbirlər görülür. Xüsusilə e-learning (e-öyrənmə) alətlərindən istifadə daha çox əhəmiyyət kəsb edir. E-learning vasitəsilə ixtisasartırma kursları Təlim Məktəbinin xüsusi yaradılmış e-learning şöbəsi tərəfindən həyata keçirilir. Şöbənin işi peşəkar mütəxəssislərin - ekspertlərin mövzu üzrə verdiyi təlim materialı əsasında animasiyalar və digər video vasitələrin köməyi ilə elektron təlim modullarını hazırlamaq, həmin modullar əsasında kursları təşkil etmək, onların uçotunu aparmaq və təkmilləşdirməkdir. Şöbənin əməkdaşları təlim modullarının dizayneri funksiyasını icra edir, qiymətləndirmə bloklarını yaradır və kursları idarə edirlər. Bir əməkdaş ildə 4-5 təlim modulu hazırlaya bilir. E-learning kurslarının müddəti 15 dəqiqədən 9 saatadək davam edir və müddət məhdudlaşdırılmır. Əsas məqsəd mövzuya dair biliklərin dinləyiciyə asan formada çatdırılmasıdır.

Xüsusi əhəmiyyət verilən məsələlərdən biri təlimin nəticəsinin qiymətləndirilməsi məqsədilə aparılan sorğulardır. Sorğular təlimin müxtəlif aspektlərini (müddətini, aktuallığını, materialların keyfiyyətini, təlim şəraitini və s.) qiymətləndirməyə və aşkar olunan çatışmazlıqların aradan qaldırılmasına xidmət edir.

- Asəf müəllim, Fransada dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi necə təşkil olunub?

- Bu ölkədə 1,7 milyon nəfər dövlət qulluqçusu var ki, onların 110 mini Dövlət Baş Maliyyə Direktorluğunda çalışır. Ölkə üzrə əməkhaqqı fondu təxminən 7 milyard avro təşkil edir. Direktorluğun işçilərinin say tərkibi və əməkhaqqı fondu parlament tərəfindən təsdiq olunur. Son 12 ildə işçilərin sayı 30 faizədək azaldılıb, hər il təxminən 2 faizədək ixtisar aparılır. İxtisarlar əsasən pensiyaya çıxan işçilərin boş qalan yerlərinin hesabına həyata keçirilir.

İşçilərin vəzifələri A, B və C kateqoriyaları üzrə fərqləndirilir. A kateqoriyasına ali və yuxarı rəhbər vəzifələr (təxminən 50%), habelə müfəttiş vəzifələri daxildir (ümumi işçi heyətin 29%-i), B kateqoriyasına daha sadə funksiyaları həyata keçirən vəzifələr (40%), C kateqoriyasına isə sırf icraçı funksiyalara malik texniki xarakterli vəzifələr daxildir (31%).

2010-cu ildən Fransada dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün müsahibə üsulundan istifadə edilir. Müsahibə zamanı il ərzində əldə edilən nəticələr, növbəti il üçün məqsədlər (həm keyfiyyət, həm də kəmiyyət xarakterli) və tapşırıqlar, işçinin ehtiyacı olan təlimlər, gələcək karyera perspektivləri, maraq və istəkləri, peşəkar dəyəri, şəxsi keyfiyyətləri, işə münasibəti, ictimai xidmət hissi dəyərləndirilir, rəhbər heyətin isə əlavə olaraq komandanı idarəetmə bacarığı və məqsədlərin düzgün müəyyənləşdirilməsi qabiliyyəti nəzərə alınır.

Müsahibənin nəticələri xüsusi elektron formada öz əksini tapır. İşçinin fəaliyyəti qeyri-kafi, orta, yaxşı, çox yaxşı və ya əla olmaqla qiymətləndirilir, əlavə olaraq fikir bildirilir, hər bir işçinin zəif və güclü cəhətləri göstərilir. Peşəkar müsahibənin aparılması və nəticələrin qiymətləndirilməsi üçün mütəmadi olaraq müsahibəni götürən şəxslərə təlimlər keçilir. A, B, C kateqoriyasına aid vəzifələri tutan işçilərin peşəkar müsahibə forması eynidir, amma A kateqoriyasında olan yuxarı rəhbər heyətin ("A+" adlandırılır) qiymətləndirilməsi forması digərlərindən fərqlənir.

Müsahibənin nəticələrindən yuxarı rəhbərə şikayət oluna bilər. Statistikaya əsasən, adətən, hər il müsahibədə iştirak edən işçilərin təxminən 2%-i nəticələrlə razılaşmayaraq şikayət edir. Şikayəti araşdıran komissiyanın tərkibinə yuxarı rəhbər, mərkəzi administrasiyanın əməkdaşı və işçini təmsil edən nümayəndə daxil olur.

- İşçilərin əməkhaqqı sistemi necə tənzimlənir?

- Fransada əməkhaqqı sistemi təsnifatdan və dərəcəyə görə müəyən edilən baza və əlavə hissədən - bonuslardan ibarətdir. İşçilərə məsuliyyət dərəcəsinə görə bonus hesablanır. Bu, nəzarət olunan şəxslərin və strukturun fəaliyyətinin əhatə etdiyi sahənin sayından asılı olaraq əməkhaqqı bazasına müəyyən faizin hesablanması deməkdir. Bundan başqa, əməkdaşa işin çətinliyi və risklərin qarşılanma dərəcəsinə, fərdi nəticələrinə və töhfələrinə, menecerin nəzarətində olan komandanın, struktur bölmənin və şöbənin fəaliyyətinin nəticələrinə, xidmət illərinə, peşəkar bilik və bacarıq səviyyəsinə, səriştəsinə görə əlavə bonuslar hesablanır. Vəzifənin əsas təyinatı, xüsusiyyətləri və məsuliyyəti, iş yerinin regionu, işçinin uşaqlarının sayı nəzərə alınmaqla da maaşa əlavələr edilir.

Dövlət Baş Maliyyə Direktorluğunda işçilərin mobilliyinin təmin edilməsi və düzgün paylanılması insan resurslarının idarə olunması sahəsində əsas məqsədlərdəndir. Bu mənada, işçilər mobilliyinə görə 2 növ üzrə fərqləndirilir: coğrafi mobillik; vəzifə üzrə mobillik. İşçilərin mobilliyinin təşkili və aparılması 2008-ci ildə təsdiq edilmiş qaydalara əsaslanır.

İşçilərin rotasiyası proseduruna qısa şəkildə nəzər saldıqda məlum olur ki, bu proses hər il oktyabr ayında başlayır. Oktyabr-noyabr aylarında mobillik qaydaları Həmkarlar İttifaqı ilə birlikdə nəzərdən keçirilir. Müraciətlərin qəbulu dekabrın 15-dən yanvarın 15-dək aparılır. Transfer konkret vəzifələr üçün deyil, ümumilikdə bütün orqan üzrə elan edilir. Müraciətlərə xüsusi proqram təminatı ilə baxılır: bir işçi istənilən sayda vəzifəyə transfer olunmaq üçün müraciət edə bilər. Bir vəzifəyə bir neçə nəfər müraciət etdiyi təqdirdə, təcrübəsi, (staj illəri) daha çox olana üstünlük verilir. Təyinatlar sentyabrın 1-dək yekunlaşır.

- Sözsüz ki, bu cür səfərlər qabaqcıl təcrübənin mübadiləsi baxımından əvəzsizdir. Azərbaycanın vergi sistemində hazırlıq kurslarının təşkili ilə bağlı rəy və təklifləriniz nədən ibarətdir?

- Hazırladığımız təkliflərə əsasən, Vergilər Nazirliyində həyata keçirilən ilkin hazırlıq kurslarının təşkili 3 fazadan ibarət olmaqla 6 ay müddətinə nəzərdə tutulur. 1-ci fazada (müddəti 2 ay) elektron təlim modulları vasitəsilə müstəqil öyrənmə, 2-ci fazada (müddəti 2 ay) onlayn təlimlərin təşkili, 3-cü fazada (müddəti 2 ay) isə Tədris Mərkəzində əyani təhsil təklif olunur. Birinci və ikinci fazalara əməkdaşlara özünüqiymətləndirmə imkanlarının yaradılması, 3-cü fazaya isə həm test üsulu, həm də yazılı imtahanların təşkili aiddir. İlkin hazırlıq kurslarının tədris-mövzu planına menecment, vergi inzibatçılığının nəzəri əsasları, informasiya texnologiyaları və vergi məlumatlarının təhlili kimi fənn bloklarına əlavələr, ixtisasartırma kurslarının tədris-mövzu planlarında vergi qanunvericiliyində edilmiş dəyişikliklər, peşəkar fəaliyyətlə bağlı olan praktiki biliklərin tədrisinə daha çox üstünlük verilməsi, ixtisasartırma kurslarının sonunda praktiki fəaliyyətlə bağlı məsələlər əsasında yazılı imtahanların təşkili daxildir. Həmçinin, əməkdaşların müstəqil öyrənmə imkanlarının hazırlanması üçün elektron təlim modullarının hazırlanması və istifadəyə verilməsi, onların daimi monitorinqinin aparılması, e-learning üçün lazımi proqram təminatı və texniki imkanların yaradılması, təlimlərin qiymətləndirilməsi üçün istifadə olunan sorğuların Fransa təcrübəsi əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.

İlkin hazırlıq, ixtisasartırma və e-learning sahəsində təlim təcrübəsinin daha müfəssəl öyrənilməsi üçün Dövlət Baş Maliyyə Direktorluğunun Təlim məktəbləri ilə əməkdaşlığın yaradılması, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti