...

SOCAR işbazların aldatdığı vətəndaşların müraciətlərini hüquq-mühafizə orqanlarına göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2015 20:54 (UTC +04:00)
SOCAR vətəndaşları aldadan fırıldaqçılarla mübarizəni davam etdirir
SOCAR işbazların aldatdığı vətəndaşların müraciətlərini hüquq-mühafizə orqanlarına göndərib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

SOCAR işə qəbulla bağlı işbazlar tərəfindən aldadılmış vətəndaşların müraciətlərini hüquq-mühafizə orqanlarına göndərib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaydığı məlumatda deyilir: "Son illərdə SOCAR-ın dünyada nüfuzunun artması və beynəlxalq brend kimi tanınması ilə əlaqədar olaraq şirkətdə karyera qurmaq istəyən vətəndaşların sayı artıb və bəzi işbazlar insanların bu istəyindən öz şəxsi mənafeləri üçün istifadə etməyə cəhd göstərirlər. 2011-ci ildən etibarən SOCAR üzrə işə qəbul mərkəzləşdirilmiş qaydada şirkətin İnsan Resursları Departamenti tərəfindən müsabiqə yolu ilə şəffaf həyata keçirilir. Lakin müxtəlif şəxslər, işbazlar, şirkətlər və ya onların nümayəndələrinin SOCAR adından saxta iş təklifləri kimi faktlara hələ də rast gəlinir. SOCAR işə qəbulla bağlı işbazlar tərəfindən aldadılmış vətəndaşlardan ünvanlanmış müraciətləri hüquq-mühafizə orqanlarına göndərib və bəzi tədbirlər görülüb".

İnsan Resursları Departamenti bir daha vətəndaşların diqqətinə çatdırır ki, SOCAR-da işə qəbul olunmaq üçün heç bir vəsait tələb olunmur, işə qəbul prosesi tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir: "Odur ki, bir daha vətəndaşları sayıq olmağa, müxtəlif şəxslərin, fırıldaqçı şirkətlərin saxta təkliflərinə aldanmamağa çağırırıq".

SOCAR-ın İnsan Resursları Departamenti işə qəbul prosesi ilə bağlı aşağıdakı məqamları bir daha vətəndaşların diqqətinə çatdırır:

- SOCAR-da işə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir;

- SOCAR-da mövcud olan vakansiyalar şirkətin (http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin "İki Sahil" qəzetində elan edilir;

- Elektron müraciət formasını özünüz doldura bilmədikdə, bu işə nəzarət etməklə ən etibarlı şəxlərə həvalə edərək, müraciətdə öz mobil nömrənizin və elektron poçt ünvanınızın qeyd olunmasından əmin olun;

- Test, müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın İnsan Resursları Departamentinin inzibati binasında (Ş.Mirzəyev küçəsi, 26 ünvanında) və ya İnsan Resursları Departamenti tərəfindən müəyyənləşdirilmiş başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın İnsan Resursları Departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə (521 prefiksli nömrələrdən) və elektron poçtlarına ([email protected]) bildiriş şəklində göndərilir) keçirilir. İmtahanlarda İRD-nin səlahiyyətli nümayəndəsi iştirak edir;

- Əgər şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən, gizli zənglər vasitəsilə) və ya yahoo.com, gmail.com, mail.ru tipli ödənişsiz hesablardan e-poçt vasitəsilə məlumat almısınızsa, bu şəxslər və ya şirkətlər tərəfindən təqdim edilən saxta iş təklifi və ya xidmətlər barədə hüquq-mühafizə orqanlarına məlumat verməyinizi tövsiyə edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti