...

Niderland son 3 ildə Azərbaycanın qeyri-neft sektoruna 330 milyon dollardan çox sərmayə yatırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 17:29 (UTC +04:00)
Azərbaycan-Niderland iqtisadi əlaqələri müzakirə edilib.
Niderland son 3 ildə Azərbaycanın qeyri-neft sektoruna 330 milyon dollardan çox sərmayə yatırıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampla görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlıq üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın qeyri-neft sektoruna Niderland şirkətləri tərəfindən təkcə son üç ildə 330 mln. ABŞ dollarından çox investisiya yatırılıb.

Qeyd edilib ki, hazırda Azərbaycanda 112 Niderland şirkəti fəaliyyət göstərir. Bir sıra Niderland şirkətləri Azərbaycanda rellaşdırılan layihələrdə podratçı qismində iştirak edirlər. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə kənd təsərrüfatı, İKT, enerji, turizm, ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, Niderland şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, aqroparklarda iştirakı, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq, birgə sərgi, yarmarka və təqdimatların keçirilməsi təklif edilib. Mayın 17-də Bakıda keçiriləcək növbəti Niderland-Azərbaycan biznes-forumu da iş adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.

Niderland Krallığının iqtisadi işlər naziri H.Kamp Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda həyata keçirilən iqtisadi islahatları müsbət qiymətləndirib, Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Qeyd edək ki, Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində mayın 11-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.

Niderlandlı qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl" kompleksinə əklil qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti