Bakı. Ənvər Məmmədov - Trend:
Üzümçülük sahəsi Azərbaycanda geniş miqyasa və potensiala malikdir.
Bunu Trend-ə Azərbaycan Şərab istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib.
E.Mədətovun sözlərinə görə, bu sahə Azərbaycanda tarixən inkişaf edib və bu gün ölkədə yaradılan şərtlər itirilən mövqeləri qaytarmağa imkan verir: “1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində Azərbaycan SSRİ respublikaları arasında üzüm istehsalına görə birinci yeri tuturdu. Lakin Qorbaçovun antialkoqol siyasəti bu sahənin Azərbaycanda çökməsinə gətirib çıxardı. Bununla belə, son 10-15 ildə ölkədə bu sahədə görülən tədbirlər üzüm əkini sahələrinin artmasına səbəb olub. Bu gün Azərbaycanın potensialı ildə 100 milyon butulka məhsul istehsal etməyə imkan verə bilər”.
E.Mədətovun sözlərinə görə, bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədar Azərbaycan istehsalatın bu həcminə nail ola bilmir: “Bu sahənin daxili bazarla yanaşı, xarici bazarlara çıxışı da vacibdir. Lakin xarici bazarlarda rəqabət çox güclüdür.”
Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycan şərabının əsas hədəf bazarı Rusiya və Çindir.
O deyib: “Çin bazarı bizim üçün yeni bazardır. Azərbaycan məhsulu bir ildir ki, buraya daxil olub. Rusiya bazarında isə vəziyyət fərqlidir. Burada bizim məhsullar gürcü və erməni məhsulları ilə güclü rəqabət aparır. Hesab edirəm ki, Azərbaycan şərablarının daha güclü rəqabət apara bilməsi üçün bu sahəyə dövlət dəstəyi lazımdır”.
E.Mədətov qeyd edib ki, bu istiqamətdə konkret addımlar atılır. Bu məqsədlə son bir neçə ay ərzində Çin, Belarus və Almaniyaya ixracat missiyaları təşkil olunub.