Bakı. Trend:
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalderi qəbul edib.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfir hazırda ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini vurğulayaraq Azərbaycanın bölgələrinə səfərlərinin təəssüratlarını bölüşüb. Qonaq eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Ə.Qarayev 2009-cu ildə İsveçrədə keçirilən Azərbaycan mədəniyyət tədbirləri barədə məlumat verib, gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu bildirib.
Səfir F.Stalder nazirə İsveçrənin Federal Kanslerinin 23-26 yanvar 2018-ci il tarixində keçiriləcək Davos Forumu çərçivəsində baş tutacaq mədəniyyət nazirlərinin konfransına dəvət məktubunu təqdim edib.
Ə.Qarayev dəvətə görə təşəkkür edib və Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi”nin 10 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərin təqdimatlarının edilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.
Sonda səfir səmimi qəbula görə nazirə minnətdarlığını bildirib.