Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Hakimlər İttifaqı arasında imzalanan əməkdaşlığa dair memorandum çərçivəsində maliyyə və bank sferasında yaranan problemlərin müzakirəsi üçün diskussiya platforması yaradılacaq.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
"Yaranan məsələlərin müzakirəsi üçün platformaya ehtiyac var idi və biz diskussiya platforması yaratmaq barədə qərar qəbul etdik. Artıq banklar istənilən məsələni birbaşa təşkilatlarla deyil, bu platformada Assosiasiya və Hakimlər İttifaqı vasitəsilə qanuni əsaslarla müzakirə edəcək və təkliflər irəli sürəcək. Fikrimizcə, bu platformada praktikada yaranan məsələləri müzakirə etmək və təkliflər irəli sürmək daha düzgündür. Beləliklə, məhkəmələrin müstəqilliyi təmin olunacaq, həmçinin maliyyə, bank sektoru və məhkəmə sistemi ilə bağlı məsələlərin müzakirəsi üçün platforma yaradılacaq. Bugünkü memorandum səmərəli qarşılıqlı fəaliyyət göstərə biləcəyimiZ real əməkdaşlıq platforması yaradacaq", - o deyib.
Zakir Nuriyevin sözlərinə görə, bu məsələ ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də konfrans və tədbirlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının əsası 1990-cı ildə kommersiya bankları tərəfindən qoyulub. Assosiasiyasının əsas məqsədi üzv təşkilatları təmsil etmək, müxtəlif növ biznes xidmətlərinə olan ehtiyaclarını qarşılmaqda onlara dəstək göstərmək və fəaliyyətini əlaqələndirməkdir. Hazırda 23 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
(Tərcümə: Rəna Əbdürəhmanova)