Azərbaycanın Vergilər Nazirliyi 13126 obyektdə kassa aparatlarından istifadə ilə bağlı pozuntu aşkar edib
Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 48130 obyektdə reydlər keçirib. Trend in nazirliyin operativ nəzarət idarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, avqustun 17-nə olan vəziyyət üzrə 13126 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Nəticədə bu obyektlərə qarşı 1204302 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Bakı üzrə vergi reydləri iyulun 24-də başlayıb. Bu aydan başlayaraq reydlər Sumqayıt və Abşeronda keçirilir. Daha sonra bu reydlər ölkənin digər bölgələrini əhatə edəcək. Reydlər nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə aparılır.