"2007-ci ilin büdcə layihəsi keyfiyyət dəyişikliyi ilə fərqlənir. Təhsil sahəsi üzrə ümumtəhsil müəssisələrində təhsil alanların pulsuz dərs vəsaitləri ilə təmin olunması üçün 7 milyon manat vəsait ayrılması planlaşdırılır". Trend in məlumatına görə, bu barədə Milli Məclisində 4 komissiyanın "Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında Maliyyə Nazirliyinin elm və təhsil departamentinin rəhbəri Xaqani Rzayev açıqlama verib.
O, bildirib ki, 2007-ci ildə təhsil xərclərinin 776 milyon manat, yaxud 2006-cı illə müqayisədə 249 milyon manat (47 faiz) çox olması nəzərdə tutulub.
Prezidentin göstərişi ilə yeni ümumtəhsil müəssisələrinin tikilməsi, ümumi məktəblərin əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması, 2 min ümumtəhsil məktəbinin mərkəzləşdirilmiş qaydada avadanlıqlarla təmin olunması proqramının icrası üçün gələn ilki büdcədə 8 milyon 500 min manat nəzərdə tutulub. Azərbaycandakı mövcud ümumtəhsil məktəblərinin əsaslı təmiri üçün 10,5 milyon manat, xüsusi qayğıya ehtiyacı olan sağlamlıqdan məhrum uşaqların təhsilinin inkişafı proqramının icrası üçün 2,7 milyon manat ayrılıb. Bundan əlavə, 2007-ci ilin büdcə layihəsində payız-qış mövümündə məktəblərin istilik avadanlıqları ilə təmin edilməsi üçün 6,2 milyon manat ayrılıb. İnzibati xərclərin azaldılması istiqamətində də işlər görülüb.