Brüsseldə AB-Azərbaycan Əməkdaşlıq şurasının bugünkü toplantısında Avropa Qonşuluq siyasəti (AQS) çərçivəsində Milli fəaliyyət planı təsdiq olunacaq. Avropa Birliyinin Azərbaycana texniki yardım proqramının (Tacıs) koordinasiya bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məlumata görə, bu tədbirdə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
Fəaliyyət planı 7 ili əhatə edir. Ə.Ələkbərovun sözlərinə görə, fəaliyyət planı yalnız Avropa Birliyinin vəsaitləri hesabına yerinə yetirilməyəcək, belə ki, bununla bağlı Azərbaycan tərəfinin yerinə yetirməli olduğu çoxlu sayda öhdəliklər var. Mümkündür ki, bunun üçün digər donorların vəsaitləri cəlb olunacaq.
Bu sənəddə Avropa qonşuluğunun başlıca istiqamətləri - iqtisadi inteqrasiya, intensiv siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub. Hər bir tərəfin mövqeyinə görə, fəaliyyət planında AR hökümətinin sonrakı illərdə həyata keçirəcəyi genişmiqyaslı islahatlar, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadi və siyasi sahədə Avropaya inteqrasiyanın ilkin şərtləri əks olunub.