...

Bakı-Tbilisi-Ceyhanda yanğın 40 saatdan çoxdur davam edir

Energetika Materials 7 Avqust 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir S.İlhamqızı/ Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyənin Ərzincan bölgəsindən keçən hissəsində partlayış nəticəsində baş verən yanğın 40 saatdır ki, davam edir. Bu barədə cümə axşamı Trend - a BTC-də operator şirkətlərdən olan BP neft şirkətinin Türkiyə ofisinin xarici işlər üzrə direktoru Murad Lecompt məlumat verib.

"Yanğının sönüdürlməsi işləri də ara vermədən davam edir" - deyə Lecompt bildirib.

BP nümayəndəsi əlavə edib ki, yanğınla əlaqədar dəymiş ziyan yalnız yanğın tam söndürüldükdən sonra hesablanacaq.

O, həmçinin bildirib ki, partlayışın terror aktı olması barədə dünən mediada yayılmış məlumatlara dair şirkətə hər hansı faktlar daxil olmayıb.

"Biz də bu xəbərləri mediadan izlədik, amma bizə bu barədə dövlət orqanlarından hər hansı bir rəsmi məlumat verilməyib" - deyə BP nümayəndəsi qeyd edib.

Avqustun 5-də Bakı -Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ərzincan vilayətindən keçən hissəsində - Ərzincan-Refahiyə yolunun 60-cı km-də Yurtbaşı kəndi yaxınlığında gecə saat 23.20 radələrində partlayış baş verib. Yanğınla əlaqədar neftin BTC kəməri ilə nəqli müvəqqəti dayandırılıb və neft Bakı-Supsa, Bakı-Novorosiysk boru kəmərləri, həmçinin, dəmir yolu ilə nəql olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti