...

Siyasət Avropanın İran qazı almasına mane olmamalıdır – beynəlxalq ekspertlər

Energetika Materials 2 Aprel 2009 18:06 (UTC +04:00)

İran, Teheran, 02 aprel / Trend , müxbir D.İbrahimova /

İran İslam Respublikasının (İİR) nüvə proqramı ətrafında Tehran ilə yaranan fikir ayrılıqlarına baxamayaraq Avropa ölkələri İran qazının idxalı imkanlarını istisna etməməlidirlər, lakin Fars qaz kəmərinin (Persian Pipeline) tikintsinin kifayət qədər maliyyələşdirilməsinin mümkün olmaması əngəl törədə bilər.

"Avropa ölkələri Köhnə Dünyaya müxtəlif qaz tədarükü yollarını araşdırmalıdırlar. Çünki İslam Respublikası dünyanın ən iri qaz ehtiyatlarına malik ölkələrindən biridir, Aİ İranı, Avropaya qaz tədarükçüsü qismində nəzərində saxlamalıdır", - deyə Avropaya qaz tədarükü üzrə ekspert Arianna Kekki (Arianna Checchi) hesab edir.

İranın neft naziri Qulam Hüseyn Nozari (Gholam Houssein Nozari) çərşənbə axşamı bildirib ki, Fars boru kəməri Suriya və İraq ərazisindən Aralıq dənizi vasitəsilə Yunanıstana və İtaliyaya çəkiləcək. Lakin Avropa ölkələri dəfələrlə bəyan ediblər ki, İranın nüvə məsələsi həll olunmayınca "Nabukko" boru kəməri üzrə İran qazını almayacaqlar.

İranın nüvə proqramının inkişafı Birləşmiş Ştatlar və bir sıra Avropa ölkələrində narahatçılıq yaradır. İİR-ə qarşı nüvə silahının hazırlanmasının dayandırılması məqsədilə dəfələrlə iqtisadi qadağalar tətbiq edilib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Ekspertlər hesab edirlər ki, Tehranın nüvə proqramı ətrafında yaranan problemə baxmayaraq, Avropa ölkələri İran qazının alınması mümkünlüyünü istisna etməməlidirlər.

"Avropa İttifaqı sabah və bir ildən sonra İrandan qaz idxal etməyi planlaşdırmır, lakin uzunmüddətli perspektivdə biz bu variantı nəzərdən keçirməliyik", - deyə telefonla Avropa Siyasətinin Öyrənilməsi üzrə Brüssel Mərkəzinin eksperti Kekki bildirib. Onun sözlərinə görə, əgər indi İrandan qaz idxalı mümkün deyilsə və boru kəmərlərinin tikintisi çox vaxt tələb edirsə, hökumətlərarası sazişlər imzalamaq, onların çəkilməsi imkanlarını öyrənmək lazımdır.

Qaz kəmərinin tikintisinə dair bütün məsələlər həll edilənədək, ola bilsin ki, İranın nüvə proqramı da nizamlansın. 

Kekki bildirib ki, Amerika Administrasiyasının Tehrana qarşı yeni yanaşmasını və Obamanın İran ilə danışıqlar aparmaq niyyətində olduğunu nəzərə alsaq, nüvə proqramı problemi gələcəkdə həll edilə bilər.

Barak Obama son 30 ildə İran ilə danışıqların aparılmasının mükün olduğunu bəyan edən ilk Amerika Prezidenti oldu.

ABŞ-da yaşayan iranlı neft eksperti Məhəmməd Sahimi hesab edir ki, İslam Respublikası tərəfindən iki il ərzində Türkiyəyə qaz tədarükünün problemsiz həyata keçirilməsi enerji ehtiyatlarının etibarlı tədarükçüsü kimi İrana etibar etməyə əsas verir. 

Türkiyənin Botas Dövlət Şirkətinin məlumatına görə, 2009-cu ildə Türkiyəyə İran qazının idxalı 9,5 mlrd. kubmetri ötəcək. Analoji planlar 2020-ci ilədək qüvvədədir. Köhnə Dünyaya əsas qaz tədarükçüsü olan Rusiya isə, Sahiminin fikrincə, bundan, Avropada NATO tərəfindən aparılan siyasət ilə razılaşmadığı hallarda Avropa ölkələrinə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

ABŞ 2010-cu ilədək Şimali Atlantika Alyansı çərçivəsində İran tərəfindən raket təhlükəsindən müdafiə bəhanəsi altında Çexiyada radar və Polşada on raket zərərsizləşdirən sistem yerləşdirmək niyyətindədir. Rusiya bu sistemlərin onun təhlükəsizliyi üçün təhlükə törədə biləcəyindən ehtiyatlanır. Lakin Barak Obamanın ABŞ-da hakimiyyətə gəlməsindən sonra Avropada üçüncü müdafiə mövqeyinin dayandırılması və ya ləğv edilməsi barədə tez-tez danışılır.

Sahiminin rəyinə görə, İranın nüvə proqramının inkişafı sahəsində irəliləyiş əldə etməsindən Tehranın onun inkişafını dayandırması və uranın zənginləşdirilməsi üzrə sıfır səviyyəsinə qayıdacağının praktiki olaraq mümkünsüz olduğu aydın görünür. Los-Ancelesdə Cənubi Kaliforniya Universitetinin professoru Sahimi telefonla Trend -a bildirib ki, bunun üçün Avropa, Birləşmiş Ştatlar və İslam Respublikası bu məsələ üzrə kompromis əldə etməlidir.

Lakin qaz məsələləri üzrə iranlı ekspert Nərsi Qurban (Narsi Ghorban) hesab edir ki, hətta Avropa tədarük marşrutlarının şaxələndirilməsində maraqlıdırsa, siyasi motivlər onun İran qazını almasına mane ola bilər. "Əgər Avropa siyasi motivlərə görə, İran qazını almaq istəmirsə, onda İrandan Avropaya qaz kəməri çəkilməyəcək", - deyə Trend -a elektron poçtla İranın Narkangan Gas To Liquid International Co şirkətinin icraçı direktoru, Xəzər regionunun öyrənilməsi üzrə Beynəlxalq İnstitutun direktoru Qurban bildirib.

Lakin İran ilə Qərb arasında mövcud olan siyasi problemlər həll olunsa belə, maliyyə çatışmazlığı İrandan Avropaya qaz kəmərinin çəkilməsi yolunda əngəl olacaq. İİR təsdiq edilən qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yeri tutur. Onun qaz ehtiyatları 28,4 trln. kubmetr təşkil edir.

Kekki bildirib ki, İran nəhəng təbii qaz ehtiyatlarına malikdir, lakin Fars boru kəmərinin doldurulması üçün yeni qaz yataqlarının istismara verilməsi lazımdır.

Bu həcmdə qaz hələ ki, hasil edimir, buna görə İran, onun fikrincə, xarici investisiyalar cəlb etməlidir.

Qurbanın sözlərinə görə, nəzəri olaraq İİR-in ixrac həyata keçirməsi üçün qazı var, praktiki olaraq isə ölkə üçün piroritet şəxsi ehtiyaclarının təmin olunmasıdır. Bu ixracın həyata keçirilməsi üçün qaz hasilatı əhəmiyyətli dərəcədə artırılmalıdır.

"Hazırda bu regiondan Avropaya yeni qaz kəmərlərinin çəkilməsi üçün güclü maliyyə dəstəyi yoxdur və sərmayə olmadan İrandan qaz ixrac etmək üçün yeni yataqların istismara verilməsi az ehtimal olunandır", - deyə Qurban bildirib.

Materilın hazırlanmasında D.Xatınoğlu, T. Cəfərov da iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti