...

Azərbaycanın daxili bazarında benzin satışı artıb

Energetika Materials 15 Dekabr 2009 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Yanvar-noyabr aylarında Azərbaycanın daxili bazarlarına 3,4 milyon tondan çox neft məhsulları göndərilib. Keçən ilin yanvar-noyabr aylarında bu göstərici 4,4 milyon tona yaxın təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Neft məhsullarının ümumi həcmindən 904,5 min tonu avtomobil benzininin payına düşüb ki, bu da daxili bazarda ötən ilin analoji dövrünə nisbətən 7,1 faiz artımla ən çox satılan məhsul olub. Azərbaycanın daxili bazarında А-92 markalı benzinin bir tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 670 AZN, А-95 isə 736 AZN təşkil edir. Komitənin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycanın "Azpetrol" şirkəti realizə üçün təxminən 471,2 min tondan çox, LUKoyl isə 144 min tona yaxın avtomobil benzini alıb.

Yanvar-noyabr aylarında daxili bazarda 712 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilə nisbətən 23,5 faiz azdır. Daxili bazarda 1 ton dizel yanacağının topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 485 AZN təşkil edir. Bu həcmdən "Azpetrol" 224 min tona yaxın, LUKoyl isə 81,2 min tona yaxın dizel yanacağı əldə edib. Xəzər Dəniz Gəmiçiliyi təxminən 17,8 min ton dizel yanacağı alıb.

Yanvar-noyabr aylarında daxili bazarda 267,7 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 69,7 azdır. Daxili bazarda М-40 mazutunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 100 AZN təşkil edir. Bu həcmdən "Azərenerji" SC təxminən 118,1 min tona yaxın, emal üçün "Heydər Əliyev adına" Bakı Neft Emalı Zavodu 34,8 min ton mazut əldə edib.

348,6 min ton aviasiya kerosini satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28,8 faiz azdır. Aviasiya kerosininin 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 307 AZN təşkil edir.

Yanvar-noyabr aylarında 210,3 min ton neft bitumu satılıb. Bu göstərici ötən illə müqayisədə 22,8 faiz azdır. Daxili bazarda BN 60/90 bitumunun 1 tonunun topdansatış qiyməti (təminat xərcləri və ƏDV də daxil olmaqla) 160 AZN təşkil edir.

Yanvar-iyulda daxili bazarda 79,2 min ton maye neft-qaz satılıb. Bu göstərici ötən illə müqayisədə 8,7 faiz azdır.

Neft məhsullarının digər növlərindən daxili bazarda 897,8 min ton satılıb ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 4,3 faiz azdır.

Xəbər lenti

Xəbər lenti