PremiumARDNŞ Gürcüstan bazarında Azərbaycan neft məhsullarının satışını artırıb

Energetika Materials 9 Aprel 2010 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.İsmayılova/

Martda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan bazarında 33,2 min tona yaxın neft məhsulları satıb. Fevralda bu rəqəm 20,1 min ton təşkil edib. Bunu cümə günü ARDNŞ-nin Gürcüstanda törəmə müəssisəsi olan SOCAR Energy Georgia-dakı mənbə deyib.

Mənbənin sözlərinə görə, martda satılan neft məhsullarının ümumi həcmindən 13,32 min tona yaxın benzinin, 15,03 min tona yaxın dizel yanacağının, 4 min tona yaxın aviasiya kerosininin, 520 ton bitum və 119 ton sürtkü yağının payına düşüb.

"Yanvar-fevralda Gürcüstan bazarında bitum, mazut və yağ kimi neft məhsulları satılmayıb, lakin martda bu növlərə tələbat yaranıb", - mənbə deyib.

Yanvar-mart aylarında Gürcüstan bazarında cəmi 76 min tona yaxın Azərbaycan neft məhsulları satılıb.

Bir müddət əvvəl mənbənin verdiyi məlumata görə, 2010-cu ildə ARDNŞ Gürcüstan bazarında 415 min ton neft məhsulu satmağı planlaşdırır. 2009-cu ildə bu göstərici 406 min tondan çox olub.

Azərbaycanda neft məhsulları Bakıda iki NEZ-də istehsal olunur. NEZ-lərin ümumi gücü ildə 20 milyon ton neftdir. Hər iki zavod ARDNŞ-nin tərkibinə daxildir. ARDNŞ hər il öz vəsaitləri hesabına quru və dəniz yataqlarında hasil edilən altı-yeddi milyon tona yaxın nefti emal edir.

Ötən il Bakı NEZ-ləri tərəfindən 6,03 milyon ton neft emal olunub. 2008-ci ildə bu göstərici 7,35 milyon ton təşkil edib. Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayevin verdiyi məlumata görə, 2010-cu ildə şirkət 6,6 milyon tona yaxın neft emal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti