...

Azərbaycan qazının Rumıniyaya nəqlinə dair memorandum Avropa İttifaqı üçün mühümdür - Prezident Trayan Besesku

Energetika Materials 14 Aprel 2010 13:23 (UTC +04:00)
Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan Georgia Romania Interconnect) layihəsinin reallaşması üzrə qarşılıqlı anlaşma haqqında memorandum həm bu üç ölkənin özləri, həm də Avropa İttifaqı üçün mühüm addımdır. "Financiarul" Rumıniya Prezidenti Trayan Beseskuya istinadən yazır.
Azərbaycan qazının Rumıniyaya nəqlinə dair memorandum Avropa İttifaqı üçün mühümdür - Prezident Trayan Besesku

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir A.Bədəlova/

Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan Georgia Romania Interconnect) layihəsinin reallaşması üzrə qarşılıqlı anlaşma haqqında memorandum həm bu üç ölkənin özləri, həm də Avropa İttifaqı üçün mühüm addımdır. "Financiarul" Rumıniya Prezidenti Trayan Beseskuya istinadən yazır.

Çərşənbə axşamı Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında "Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında" memorandum imzalanıb. Sənədi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri imzalayıb.

Layihə biri Gürcüstanda, digəri Rumıniyada olmaqla, maye qaz üçün iki terminalın inşasını nəzərdə tutur. İlkin məlumatlara əsasən, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.

Rumıniya dövlətinin başçısı çərşənbə axşamı Cotroceni Sarayında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevi və Gürcüstanın energetika naziri Aleksandr Xetaqurini qəbul edib. Görüşdə, həmçinin, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu, Gürcüstanın Rumıniyadakı səfiri Levan Metreveli və Azərbaycanın Buxarestdəki səfiri Eldar Həsənov iştirak edib.

"İmzalanmış saziş Rumıniya, Azərbaycan və Gürcüstan, həmçinin, Avropa İttifaqı üçün eyni dərəcədə çox mühüm addımdır", - Besesku deyib.

Hazırda Gürcüstanın Qara dəniz sahilində (ARDNŞ Kulevidə neft terminalına sahibdir) Azərbaycan qazının emalı üzrə terminalın inşası və qazın Avropanın daxili qaz-nəqliyyat şəbəkəsi üzrə gələcək göndərişi üçün Rumıniyaya və ya Bolqarıstana nəqli məsələsi nəzərdən keçirilir. Layihəyə iki istiqamətdə baxılır - LNGCNG. Birincisi, qazın mayeləşdirilməsi üzrə zavodun inşası, ikincisi, qazın mayeləşdirilməsi üçün bilavasitə gəmiyə çatdırılmasıdır. Bu layihə çərçivəsində söhbət 7-20 milyard kubmetr qazdan gedir.

Balkans.com Business News yazır ki, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, sazişin imzalanması tarixi hadisədir və Rumıniya və Azərbaycan arasında ticari, iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyət daşıyır.

Videanunun sözlərinə görə, MDB terminalı layihəsi "Nabucco" qaz kəməri layihəsinə əlavədir. "Nabucco" layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur. Rumıniya tərəfi Aİ-də layihəyə prioritet layihə statusunun verilməsinə israr edir.

Xəbər lenti

Xəbər lenti