...

ARDNŞ "Azerbaijan-Georgia-Romania Interconnector" layihəsi çərçivəsində TİƏ-nin birinci mərhələsinin hazırlanmasında iştirak edəcək

Energetika Materials 28 Aprel 2010 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın maye qazının Gürcüstanın Qara dəniz sahili boyunca Rumıniyaya tədarükü layihəsi çərçivəsində Buxarestdə şirkətin yaradılması planlaşdırılır. "Azerbaijan-Georgia-Romania Interconnector" layihəsi çərçivəsində texniki-iqtisadi əsaslandırma (TİƏ) birinci mərhələdə hazırlanacaq. Bu barədə ARDNŞ-nin yüksək rütbəli nümayəndəsi bildirib.

"Texniki-iqtisadi əsaslandırmanın birinci mərhələsinin hazırlanması üzərində işləri apara biləcək şirkətin yaradılması, yəni bu kimi layihənin səmərəliliyinin nəzərdən keçirilməsi Rumıniyanın təşəbbüsüdür. Şirkət Gürcüstan, Azərbaycan və Rumıniyanın iştirakı ilə mənzil-qərargahı Buxarestdə olmaqla yaradılmalıdır", - ARDNŞ nümayəndəsi bildirib.

Onun sözlərinə görə, şirkətin işində ARDNŞ, Gürcüstanın Neft-Qaz Korporasiyası və Rumıniya tərəfdən mütəxəssislər iştirak edəcək. Təklif edilən işlər çərçivəsində layihənin səmərəliliyi müəyyən ediləcək.

"Azerbaijan-Georgia-Romania Interconnector" layihəsi çərçivəsində "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum aprelin 13-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri arasında imzalanıb.

Azərbaycanın maye qazının Rumıniyaya nəqli layihəsi maye qaz üçün iki terminalın tikintisini nəzərdə tutur. Onlardan birinin Gürcüstanda, digərinin isə Rumıniyada tikilməsi nəzərdə tutulur. İlkin məlumatlara görə, layihənin dəyəri 4-6 milyard dollar təşkil edəcək.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindən qaz kəmərləri vasitəsilə nəqlini və orada xüsusi terminalda mayeləşdirilməsi və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına salınacaq və ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə etməklə, Rumıniya və digər Avropa ölkələrinin tələbatının təmin edilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti