...

AGRI Xəzər regionundan Avropaya qaz tədarükü marşrutlarından ən perspektivlisi ola bilər – Ariel Koen

Energetika Materials 8 Noyabr 2010 17:13 (UTC +04:00)
Azərbaycanın maye qazının Gürcüstan Qara dəniz vasitəsilə Rumıniya və Mərkəzi Avropanın digər ölkələrinə nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi Xəzər regionundan Avropaya qaz tədarükü marşrutlarından ən perspektivlisi ola bilər.
AGRI Xəzər regionundan Avropaya qaz tədarükü marşrutlarından ən perspektivlisi ola bilər – Ariel Koen

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Azərbaycanın maye qazının Gürcüstan Qara dəniz vasitəsilə Rumıniya və Mərkəzi Avropanın digər ölkələrinə nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi Xəzər regionundan Avropaya qaz tədarükü marşrutlarından ən perspektivlisi ola bilər. Bu fikirlər "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti üzrə aparıcı eksperti Ariel Koenə məxsusdur.

"Bu gün AGRI Xəzər regionundan Avropaya qaz tədarükü marşrutlarından ən perspektivlisi ola bilər. Ola bilsin, bu layihə Avropa üçün prioritet hesab edilən "Nabukko" qaz boru kəmərindən daha tez həyata keçirilsin", - Koen bazar ertəsi "Caucasus Times"a müsahibəsində bildirib.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Koenin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Rumıniya Prezidenti Trayan Besesku, eləcə də Macarıstanın Baş naziri Viktor Orban Bakıda qazın Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya tədarükü üzrə layihənin həyata keçirilməsinə yeni impuls veriblər. Üç ölkə lideri maye təbii qaza üstünlük verirlər. "Layihəyə yüksək səviyyəli diqqət onu fikirləşməyə əsas verir ki, yeni ideya yaxın vaxtlarda digər dövlətləri də cəlb edəcək", - Koen qeyd edib.

Onun sözlərinə görə, AGRI layihəsi üzərində işlərin başlanması haqqında bəyannamənin imzalanması ilə Avropa enerji təhlükəsizliyi barədə bəzi zəmanət əldə edib. Bu gün ekspertlərin çoxu hesab edir ki, AGRI Aİ-nin enerji təhlükəsizliyinə nail olmaq üçün ən yaxşı qərardır. Bu marşruta tezliklə ola bilsin ki, maye qazın Avropaya tranziti üçün Xəzərlə Azərbaycana tədarük etmək niyyətində olan Türkmənistanın da maraq göstərməsi az əhəmiyyət kəsb etmir.

Koen onu da xatırladıb ki, Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko AGRI layihəsində maraqlı olduğunu ifadə edib və ölkənin Odessada maye təbii qazın idxalı üzrə terminal tikildikdən sonra ildə 10 milyard kubmetr maye təbii Azərbaycan qazı almağa hazır olduğunu bildirib. Koenin fikrincə, Ukraynanın AGRI layihəsində iştiraka və Odessada maye təbii qazın idxalı üzrə terminalın tikilməsinə marağı "Qazprom"a Kiyevin alternativ seçimi olması barədə açıq-aydın siqnal göndərir.

"Gələcəkdə məhz AGRI Ukrayna üçün "Qaprom"la qazın qiyməti üzrə danışıqlarda tutarlı vasitə ola bilər", - Koen qeyd edib.

Onun fikrincə, AGRI layihəsi fəaliyyətə başladıqdan sonra Azərbaycanın enerji resursları Avropa bazarlarına, xüsusən də Mərkəzi və Şərqi Avropa və Balkan ölkələrinə çıxacaq. Avropanın vahid qaz şəbəkəsi yaradıldıqdan sonra uzunmüddətli perspektivdə Bakı Qərbi Avropada aktivlərdən istifadə edə biləcək, bu, Azərbaycan və onun layihə tərəfdaşları üçün mühüm geosiyasi uğur olacaq.

Bundan əvvəl Azərbaycan sənaye və energetika naziri Natiq Əliyevin dediyi kimi, layihənin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti