...

ARDNŞ Venesuela neftinin svop tədarükündə maraqlıdır

Energetika Materials 13 Dekabr 2010 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynadan Belarusa Azeri Light markalı neftin nəqli prosesində iştirak etməyəcək. Bu barədə bazar ertəsi ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Belarus, Venesuela və Azərbaycan tərəfləri arasında svop tədarükü ilə bağlı razılaşma mövcuddur. Eləcə də ARDNŞ-i Venesuelanın Santa Barbara neft sortu maraqlandırır. Şirkət nefti Venesuela tərəfinin Belarusa satmaq istədiyi həcmdə Amerika, əsasən də Şimali Amerika bazarlarında satmaq fikrindədir. Daha doğrusu, ARDNŞ Belarusa neft sata və həmin həcmi Venesueladan ala bilər.

Mənbənin sözlərinə görə, belə olan halda söhbət ildə beş milyon tona yaxın neftdən gedə bilər. Venesuela neftinin Azərbaycan nefti ilə qarışdırılması əsasındakı əməliyyatlar nəqliyyat xərclərini azaltmağa imkan verir.

"Bu, təkcə bizə deyil, hamıya sərfəlidir", - mənbə bildirib.

Mənbənin dediyi kimi, bu layihə çərçivəsində neftin satışı Azərbaycan neftinin Ukrayna limanlarına çatdırılmasını nəzərdə tutur və neftin sonralar nəqli məsələsinə aid deyil.

"Neft "Odessa-Brodı" neft kəməri ilə ya da dəmir yolu ilə nəql olunacaq. Biz istənilən halda bu neftin sonralar nəqli prosesində iştirak etməyəcəyik", - mənbə bildirib.

Onun sözlərinə görə, Belarusla Ukrayna arasında Belarusun NEZ-lərinə neftin satışı ilə bağlı hökumətlərarası saziş mövcuddur və Azərbaycan neftinin sonrakı nəqli məsələsi ilə ARDNŞ məşğul olmayacaq.

"Odessa-Brodı" neft nəqli layihəsi neftin Ukrayna NEZ-lərinə tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının artırılması məqsədi ilə planlaşdırılıb. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin aprel ayında başa çatıb. Magistral 674 km uzunluğa malikdir və borunun diametri 1020 mm-dir. Neft kəməri və terminalın gücü il ərzində 9-14 milyon ton təşkil edir.

Ukrayna neft boru kəmərinin tikilməsi anından iki il ərzində Xəzər neftinin bu kəmərlə birbaşa nəqlinə nail olmaq üçün uğursuz çalışıb. Şirkətlərdən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü il iyunun sonunda Rusiya neftinin nəqli üçün boru kəmərindən revers istiqamətdə istifadəyə icazə verib.

Xəbər lenti

Xəbər lenti