Azərbaycan, Bakı, 15 dekabr /Trend/
ARDNŞ-nin 2010-2015-ci illəri əhatə edən "NANONEFT" proqramı təsdiq edilmişdir. Bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
"NANONEFT" proqramı 4 hissədən - "Nanohasilat", "Nanoqazma", "Nanoneftkimya" və "Ekonanoneft" hissələrindən ibarətdir. Proqram 2005-ci ildən başlayaraq elmi istehsalatda alınmış müsbət nəticələr əsasında formalaşdırılmışdır.
Sənəd cari vəziyyət, məqsəd və nəticələr, həmçinin 2010-2015-ci illərdə görüləcək işlər və gözlənilən iqtisadi səmərə mənbələri açıqlanmaqla tərtib olunmuşdur. 2005-ci ildən başlayaraq "kiçik təsir effekti" deyilən prinsiplə elmi cəhətdən əsaslandırılmış nanotexnologiyalar işlənmiş, hasilatda, qazmada, neft kimyası sahəsində - yeni nanoaktiv maddələr və reagentlərin işlənməsi nəzərdə tutulmuşdur.
Dünya qazma praktikasında ilk dəfə olaraq "kiçik təsir effekti" əsasında quyuların qazılması prosesində mürəkkəbləşmələrin və qəzaların aradan qaldırılması üçün "NANONEFT", "NANOBİTUM", "NANOQUDRON" və "NANOMAY" sistemlərinin elmi əsasları işlənmiş və praktik olaraq həyata keçirilmişdir. Artıq anomal yüksək və alçaq lay təzyiqli reoloji kəsilişləri ilə səciyyələnən "Qum adası", "Bibiheybət", "Balaxanı" "Bəyimdağ-Təkçay" və "Günəşli" yataqlarında adı çəkilən nanosistemlərin tətbiqi müvəffəqiyyətlə həyata keçirilmiş, quyular mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılmışdır. Yeni sistemlərin istifadəsi quyu divarının dayanıqlığının qorunmasını, lay kollektorlarında mühafizə ekranının yaradılmasını və bununla da məhsuldar layların çirklənməsinin qarşısının alınmasını təmin etmiş və istifadəsi nəzərdə tutulmuş xarici kimyəvi reagentlərin sərfini kəskin şəkildə azaltmışdır.
Bununla yanaşı "Nanoneftkimya" sahəsində də xeyli müsbət nəticə əldə olunmuşdur. Nanotəsir nəticəsində səthi gərilmə 70-87 faiz aşağı düşmüşdür. Eyni zamanda duzçökmənin və korroziyanın qarşısının alınması istiqamətində unikal nəticələr əldə edilmişdir.
"Ekonanoneft" istiqaməti üzrə neft sənayesində yaranmış ekoloji problemlərin həlli, hasilat zamanı neftlə birgə çıxarılmış lay sularının utilizə edilməsi, neft-şlam emal qurğularında neftin qum və sudan daha dərin ayrılmasını təmin etmək məqsədi ilə nanotexnologiyanın elmi əsasları işlənmişdir. ARDNŞ-nin neftçi alimləri tərəfindən işlənmiş proqramda qeyd edilən istiqamətlər üzrə 2010-2015-ci illər üçün neft sənayesində geniş tətbiq ediləcək tədbirlər dəqiqliklə göstərilmişdir.
ARDNŞ nanotexnologiyaların tətbiqi üzrə proqramı təsdiq edib
ARDNŞ-nin 2010-2015-ci illəri əhatə edən “NANONEFT” proqramı təsdiq edilmişdir.
