Azərbaycan, Bakı, 5 may/Trend/
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun tədbirlər planı çərçivəsində 2011-2012-ci illər ərzində Bakı şəhərinin bütün rayonlarında mexaniki qaz sayğacları smart-kart bazasında işləyən sayğaclarla əvəz olunacaq. Trend-in məlumatına görə, bu barədə tədbirlər planında qeyd olunub.
Yeni sayğacların quraşdırılması üzrə işləri ARDNŞ görəcək. Proqram paytaxtın bütün rayonlarında paylayıcı qaz şəbəkələrinin yenidən qurulmasını, yeni qaz kəmərlərinin çəkilişini, yeni yaşayış massivlərinin qazlaşdırılmasını da nəzərdə tutur.
2011-2013-cü illərdə Bakı və ətraf qəsəbələrin fasiləsiz elektrik enerjisi ilə təmini sahəsində tədbirlər planında yeni 220 kilovoltluq hava xəttlərinin çəkilişi nəzərdə tutulub. Tədbirlər planı çərçivəsində iki 220 kilovoltluq yarımstansiyanın tikintisi də nəzərdə tutulub. İki mövcud yarımstansiyada isə təmir-bərpa və yenidənqurma işləri aparılacaq.
Bakı və ətraf qəsəbələrin elektrik enerjisi ilə təmini üzrə işləri "Azərenerji" ASC görəcək.
Elektrik enerjisi ilə təminat çərçivəsində alternativ və bərpa olunan enerji mənbələrindən samərəli istifadə nəzərdə tutulub. İşlərin 2011-2013-cü illər ərzində görülməsi planlaşdırılır. Bu istiqamətin inkişafı üzrə işlər Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq.