...

Azərbaycanda yeni iri neft hasilatı platforması tikiləcək

Energetika Materials 12 İyul 2011 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir S.Əliyev/

"Chirag oil project" (COP) çərçivəsində tikiləcək platforma "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda mövcud olan platformalardan ən böyüyü olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə COP layihəsinin rəhbəri İlqar Məmmədov bildirib.

"Chirag oil project" "Qərbi Çırağ"da dənizin 170 metr dərinliyində "Çıraq" və "Günəşli"dəki hasilat platformaları arasında işləyən yeni platformanın tikintisini nəzərdə tutur.

Məmmədovun sözlərinə görə, platformanın ümumi çəkisi 37 min tondan çoxdur, onun sutkalıq hasilat həcmi təxminən 180 min bareldir.

Yeni platformanın dayaq blokunun dənizə göndərilməsi 2012-ci ilin dördüncü rübünə nəzərdə tutulub. Üst tikili dənizə 2013-cü ilin ikinci rübündə göndəriləcək.

İri ixrac neft və qaz kəmərlərinin tikintisi planlaşdırılmır. Platforma xammalın Səngəçal terminalına çatdırılması üçün mövcud sualtı ixrac kəmərləri ilə birləşdiriləcək.

Yeni platformanın 2012-ci ilin üçüncü rübündə 33 gün ərzində boru kəmərləri ilə birləşdirilməsi üçün dərin sulu "Günəşli" yatağında fəaliyyət göstərən platformaların işi dayandırılacaq. Bu işlər həmin yataqdakı profilaktik işlərlə eyni vaxta təsadüf edir.

"Chirag oil project" altı milyard dollar həcmində investisiyanı nəzərdə tutur.

Layihənin həyata keçirilməsi çərçivəsində 300 milyon barel neft hasilatı planlaşdırılır.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,83 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,6 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti