Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Transadriatik qaz kəməri (TAP) Albaniya, Yunanıstan və İtaliyada üçüncü tərəflər üçün qaz kəmərini açan "Third Party Access Exemption" sənədini qəbul edib. Trend-in məlumatına görə, bu barədə TAP-ın yaydığı məlumatda deyilir.
Bu sənəd qaz kəmərinin tikintisi və istifadəsi üçün bütün lazımi icazələrin alınmasını, eyni zamanda, Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin II mərhələsindəki tərəfdaşlarla uzunmüddətli sazişin bağlanmasını təmin edir.
Kəmərin idarəedici direktoru Kjetil Tunqlandın dediyinə görə, bu sənədlə TAP bir daha özünün Avropadakı yeni qaz infrastrukturunun tikintisinə olan sadiqliyini göstərir.
Onun sözlərinə görə, bu, tədarükün şaxələndirilməsi və Avropada enerji təhlükəsizliyini artırmaq üçün Cənub enerji dəhlizinin açılması üçün mühüm bir addım olacaq.
"Mən tam əminəm ki, TAP "Şahdəniz" konsorsiumuna qazın ixracı üçün iqtisadi baxımdan əlverişli və etibarlı həll təklif edəcək", - Tunqland deyib.
Məlumatda həmçinin bildirilib ki, TAP layihəsinin qrafiki elə qurulub ki, boru xətti 2017-ci ildə "Şahdəniz" yatağından qazın Türkiyə ilə ixracınadək istifadəyə hazır olacaq.
Transadriatik boru kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçərək daha sonra İtaliyayadək uzanacaq. Qaz kəməri Albaniyadan İtaliyaya qədər 115 kilometrlik sualtı sahəyə qoşulub. Qaz kəmərinin tikilməsi üzrə layihənin dəyəri 2,2 milyard dollar təşkil edir. Kəmərin ilkin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetr, maksimum isə 20 milyard kubmetr təşkil edir. TAP-ın uzunluğu 520 kilometrdir.
Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).
Bu layihələr üçün əsas mənbələrdən biri kimi Azərbaycanın 1,2 trilyon kubmetr qaz ehtiyatı ilə "Şahdəniz" yatağı hesab edilir.