Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ Rövnəq Abdullayev ilə ABŞ-ın "Hess" Korporasiyasının və Hindistanın Milli Neft Şirkətinin (ONGC Videsh Ltd.) nümayəndələri arasında görüş olub.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, "Hess" Korporasiyasının icraçı vitse-prezidenti, eyni zamanda şirkətin kəşfiyyat və hasilat bölməsinin prezidenti Qreq Hill Azərbaycan və ARDNŞ ilə uzun müddət səmərəli əməkdaşlıq şəraitində çalışdıqlarını və bundan məmnun qaldıqlarını söyləyib. O, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb və respublikamızda çalışdıqları müddətdə bu inkişaf prosesinə öz töhfələrini verməkdən şad olduqlarını qeyd edib, ötən dövrdə ARDNŞ-nin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Hindistanın Milli Neft Şirkətinin idarəedici direktoru D.K.Sarraf yaxın müddətdə ARDNŞ ilə əməkdaşlığa başlayacaqlarına və bu tərəfdaşlığın hər iki ölkə üçün məhsuldar olacağına əminliyini ifadə edib. Azərbaycanda xarici sərmayədarların fəaliyyəti üçün əlverişli imkanlar yaradıldığını vurğulayan qonaq yaxın zamanlarda Bakıda öz ofislərini açacaqlarını qeyd edib, ARDNŞ ilə birgə fəaliyyətin iki xalqın rifahına xidmət edəcəyini söyləyib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev uzunmüddətli əməkdaşlığa görə ABŞ-ın "Hess" şirkətinə təşəkkürünü bildirib, hər iki şirkətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.