...

Azərbaycanın iri neft layihəsi çərçivəsində əldə olunan ehtiyatlar xeyli artıb

Energetika Materials 5 Mart 2013 19:19 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokundan çıxarılan neft ehtiyatlarının həcmi 76 faiz artıb.
Azərbaycanın iri neft layihəsi çərçivəsində əldə olunan ehtiyatlar xeyli artıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir S.Əliyev/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokundan çıxarılan neft ehtiyatlarının həcmi 76 faiz artıb.

"İlkin həcmlər 511 milyon ton olduğu halda, kəşfiyyat işləri nəticəsində çıxarılan ehtiyatlar 900 milyon tonu ötüb", - Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə axşamı Bakıda keçirilən BP şirkətinin texnologiyaları üzrə forumda çıxışı zamanı deyib.

Mənfəət neftinin payına 151 milyon ton düşür.

"1997-ci ildə neft hasilatı xeyli azalmışdı, hazırda AÇG sayəsində bu göstərici 50 milyon tonadək artıb. Qaz hasilatının həcmi 5 milyard kubmetrdən 28 milyard kubmetrədək çoxalıb", - Yusifzadə qeyd edib.

Onun sözlərinə görə, son illər ərzində yataqlar blokunda azalma baş verib, lakin əsas odur ki, hazırda vəziyyət sabitləşib.

"Son ayların tədqiqatları göstərir ki, BP şirkəti neft hasilatının həcmini sabitləşdirib və sabit işləyir. Lakin bəzi məqamlar var, məsələn, su ilə təmin olunma, qazma işlərində çətinlik və su və qazın vurulmasında da problemlər mövcuddur. Bu prosesə nəzarət etmək lazımdır. Məsələn, 30 milyon kubmetri laya doldururuq, lakin bu, heç də səmərəli deyil. "Günəşli" yatağında laya lazım olduğundan çox su vururuq. Hasilatda bu problemlər olur. Onları müəyyənləşdirmək və aradan qaldırmaq əsas məsələdir və BP bu problemləri aradan qaldırmağa başlayıb", - Yusifzadə bildirib.

"Biz AÇG və "Şahdəniz" yataqlarında neft-qaz hasilatı məsələlərini müzakirə etmək üçün dünya səviyyəli ekspertləri Bakıya gətirmişik. Qeyd etmək lazımdır ki, BP Azərbaycanda texnologiyalara investisiya yatırmaq üzrə (uzaq məsəfəyə maili yataqların layihələndirilməsi və qazılmasının seysmik məlumatları, qumla mübarizədə quyuların qazılmasının yekunlaşdırılması üçün avadanlıq, quyular üzərində nəzarət) böyük tarixə malikdir", - "BP Azerbaijan" şirkətinin rəhbəri Qordon Birrel deyib.

Onun sözlərinə görə, əgər şirkət bu yüksək texnologiyaları tətbiq etməsəydi, belə böyük həcmlərə çatmaq mümkün olmazdı.

"Hasilatda qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün maraqlı tərəflərlə maksimum səmərəli işləməliyik. Onlar arasında ARDNŞ-dən başqa, digər orqanlar, o cümlədən Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidməti var", - Birrel deyib.

Qeyd edək ki, AÇG blokunun neft ehtiyatları 1,2 milyard ton qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti