...

"Cənub Qaz Dəhlizi". Azərbaycan yenidən Xəzərdən Avropaya yol açır

Energetika Materials 20 Sentyabr 2014 15:03 (UTC +04:00)
Bu gün Azərbaycanda dünya əhəmiyyətli hadisə baş verdi. Müasir dövrün ən iddialı layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına başlanmasının əsası qoyuldu.
"Cənub Qaz Dəhlizi". Azərbaycan yenidən Xəzərdən Avropaya yol açır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev

Bu gün Azərbaycanda dünya əhəmiyyətli hadisə baş verdi. Müasir dövrün ən iddialı layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına başlanmasının əsası qoyuldu.

Əlamətdar haldır ki, məhz sentyabrın 20-də "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsi) imzalanmasının 20 illiyində Bakıda Xəzər qazının Gürcüstan və Türkiyə ərazisilə Avropaya tədarükü üzrə layihənin əsası qoyulub.

Bu marşrut üzrə ilkin mərhələdə "Şahdəniz" yatağından Azərbaycan qazının nəql olunacağına baxmayaraq, bu marşrut gələcəkdə Mərkəzi Asiya və İranın enerji daşıyıcılarının Avropaya tədarükü üçün vacib yola çevrilə bilər.

Bu layihənin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayıb.

"Cənub Qaz Dəhlizi" özündə Cənub Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsini, Türkiyədə TANAP qaz kəmərinin və Avropada TAP qaz kəmərinin tikintisini birləşdirir.

Yeni marşrut, ilk növbədə, Avropaya qaz tədarükləri mənbələrini şaxələndirməyə, özü üçün yeni alternativ marşrutlar açmağa imkan verəcək. Hazırda Avropa üçün əsas qaz mənbələrindən biri Mərkəzi Asiya ola bilər. Bu qazın boru kəmərləri vasitəsilə tədarük olunması üçün 3 istiqaməti - Rusiya, İran və Xəzər vasitəsilə Azərbaycana və daha uzağa - nəzərdən keçirmək olar. Lakin Rusiya qazından asılılığın azaldılması məqsədilə mənbələr axtaran Avropa İttifaqı üçün İranın ərazisi ilə marşrut alternativ olmayacaq. Öz növbəsində, Avropa və ABŞ-ın İranla siyasi problemləri də bu ölkənin ərazisi ilə marşrutu alternativ etmir.

Daha perspektivli marşrut isə qazla zəngin olan Mərkəzi Asiya regionundan enerji daşıyıcılarının Xəzər və Azərbaycan ərazisilə nəqlidir.

Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin açılması tədarükçülər qarşısında faktiki olaraq rahat infrastrukturlu, tədarük həcmlərinin artırılması ilə miqyası genişlənə biləcək yeni marşrut açır.

2013-cü il dekabrın 17-də Azərbaycan qazının tədarüklərinin təmin edilməsi çərçivəsində "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul olunub. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.

Gələcəkdə Azərbaycanın "Ümid", "Abşeron" və digər yataqlardan hasilat hesabına qaz ixracı həcmini xeyli artıracağı gözlənilir.

Bu həcmlər Avropa üçün kritik olmasa da, "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti gələcəkdə xeyli genişləndirilə bilən yeni marşrutun açılmasındadır. Azərbaycan artıq bir dəfə bu yolu keçib.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən əvvəl bu layihənin xeyli sayda tənqidçisi var idi. Onlar bəyan edirdilər ki, bu layihə səmərəli və rentabelli deyil. Lakin zaman bu bəyanatların yanlış olduğunu göstərdi. Bu neft kəməri Xəzərdən Aralıq dənizinədək özünəməxsus yol saldı. Hazırda bu boru kəməri üzrə təkcə Azərbaycan deyil, həm də Qazaxıstan və Türkmənistan nefti nəql olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti