Rus xəbərlər xidmətinin rəhbəri
Seymur Əliyev - Trend:
Avropaya cənub istiqamətindən qazın tədarükünün müxtəlif real və virtual layihələri arasında kəskinləşən qarşıdurma fonunda, eləcə də Yunanıstan kimi ölkələrin çətin anlaşılan fəaliyyəti ilə əlaqədar Avropa İttifaqı, nəhayət, "Cənub Qaz Dəhlizi"nə birbaşa dəstək verməklə çıxış etdi.
İqlim dəyişikliyi və enerji məsələləri üzrə Avropa komissarı Migel Arias Kanyete bildirib ki, Azərbaycan qazının Avropaya real tədarükünü nəzərdə tutan bu marşrut Avropa İttifaqının və enerji resurslarının tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi üzrə səyləri çərçivəsində prioritet qismində müəyyənləşib.
O, qeyd edib: "Biz enerji resurslarının tədarükünün, onun mənbələrinin və marşrutlarının şaxələndirilməsi səylərimizi ikiqat artıracağıq. Bu yaxınlarda "Cənub axını" ilə bağlı hadisə bizim üçün dərs və imkan olmalıdır. Bundan sonra diqqətimizi tədarükləri şaxələndirməyə imkan verən layihələrə yönəldəcəyik".
Bu bəyanatın vacibliyinə baxmayaraq, bir qədər gecikmiş görünür. Belə çıxır ki, Avropa hələ indi Rusiya tədarükçülərindən dərs alıb. Yəni daha əvvəl heç bir problem olmayıb?
İndi Brüssel diqqəti tədarükləri şaxələndirən layihələrə yönəldəcək? Maraqlıdır, görəsən, hazırda yeganə alternativ mənbənin "Cənub Qaz Dəhlizi" və Azərbaycan qazı olduğu bir vaxtda hansı layihələrdən söhbət gedir.
Aydındır ki, Avropa bu bəyanatı ilə "Türk axını"nın tikintisi ehtimalı və Yunanıstan hökumətinin ölkənin Transadriatik qaz kəmərindən (TAP) kifayət qədər mənfəət əldə etməyəcəyi ilə bağlı bəyanatları ilə əlaqədar "Cənub Qaz Dəhlizi" üzrə tərəfdaşlarını (onlardan çoxu Qərb şirkətləridir) sakitləşdirmək niyyətindədir.
Şübhəsiz, Brüssel başa düşür ki, Cənubi Avropanı alternativ qazla təmin etmək ən azı bu region ölkələrinin Rusiyadan asılılığını azaltmaq baxımından bütün Aİ üçün həyati əhəmiyyət daşıyır.
Lakin bundan sonra tədarükləri şaxələndirməyə imkan verəcək layihələrə diqqəti yönəltmək barədə bəyanat ən azı qəribədir. Belə ki, "Cənub Qaz Dəhlizi" üzrə tərəfdaşlar sənədləri razılaşdırıblar, layihələri hazırlayıblar, qazın alışına dair müqavilələr bağlayıblar, maliyyəni müəyyənləşdiriblər və tikinti işlərinə başlayıblar. Hətta qazın tədarük tarixi də artıq müəyyənləşdirilib.
Avropa qazı 2019-ci ilin sonunda alacaq, lakin, görünür, Brüsseldə bunu bilmirlər.