Azərbaycan, Bakı, 9 iyul /Trend/
SOCAR prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir.
Trend Dövlət Neft Şirkətinin saytına istinadən məlumat verir ki, səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə Yaponiya şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.
Səfər çərçivəsində R.Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan INPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə INPEX şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara və AÇG və BTC layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kurashina iştirak ediblər.
Görüşdə INPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib.
SOCAR-ın nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.