...

SOCAR-ın təlim mərkəzi BP üçün hazırlanmış işçilərə sertifikatlar verib (FOTO)

Energetika Materials 10 Noyabr 2015 16:31 (UTC +04:00)
SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin sifarişi ilə hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatların təqdim edilməsi mərasimi kecirilib.
SOCAR-ın təlim mərkəzi BP üçün hazırlanmış işçilərə sertifikatlar verib (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR və BP şirkətləri arasında milliləşmə proqramı çərçivəsində imzalanmış təhsil memorandumuna əsasən, SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin sifarişi ilə hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatların təqdim edilməsi mərasimi kecirilib.

Trend-in Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrel, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, habelə şirkətlərin rəhbər işçiləri iştirak ediblər.

Tədbir Azərbaycanın himni ilə açılıb. Sonra Qobustan Regional Təlim Mərkəzində keçirilmiş təlim prosesi, 10 aylıq kurs zamanı tədris edilmiş proqram haqqında qısametrajlı film nümayiş olunub. Bildirilib ki, iki şirkət arasında imzalanmış memoranduma əsasən, 2014/2015-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində təhsil almaq üçün elan edilmiş qəbul müsabiqəsində Qaradağ rayonunda yaşayan 244 nəfər gənc iştirak edib və test imtahanlarında uğurlu nəticə qazanmış 79 nəfər şagird 10 peşə üzrə təhsilə cəlb edilib. Onların arasında 21 nəfərin ali təhsilli, 10 nəfərin texniki universitetin məzunları olduğu, 1 nəfərin magistr olduğu bildirilib. Qobustan RTM-də Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, Elektrik qaz qaynaqçısı, Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, Texnoloji qurğuların operatoru, Kran maşinisti, Karotajçı, Quraşdırıcı çilingər, Təmirçi çilingər, Neft qaz hasilatı operatoru, Kompressor qurğularının maşinisti peşələri üzrə nəzəri və istehsalat təlimi dərsləri 11 noyabr 2014-cü il tarixindən 18 avqust 2015-ci il tarixinədək aparılıb. Təhsil dövründə 5 dəfə birgə monitorinq keçirilib, şagirdlərin nəzəri və praktiki bilikləri aylıq test imtahanları vasitəsilə yoxlanılıb. Şagirdlər SOCAR-ın müxtəlif idarə və müəssisələrində istehsalat təcrübəsində olublar. 5 noyabr 2015-ci il tarixində Qobustan RTM-də yekun sınaq peşə imtahanı keçirilib və bu imtahanların nəticəsinə görə məzun adı qazanmış şagirdlər SOCAR-ın sertifikatlarına layiq görülüblər.

R.Abdullayev çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, neft kapitalının insan kapitalına çevrilməsi işinə SOCAR-ın verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, şirkət bu istiqamətdə genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirir, yüksək ixtisaslı fəhlə kadrları hazırlanmasını daim diqqət mərkəzində saxlayır. Hazırda şirkətin nəzdində 5 təlim mərkəzinin və 1 qaynaq mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirən R.Abdullayev Qobustan RTM-in imkanlarından söz açıb, bu zəngin potensialdan daha səmərəli istifadə olunması tapşırığını verib.

BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Q.Birrel SOCAR-ın təlim mərkəzlərinin təlim və tədris imkanlarını yüksək dəyərləndirib və kadr hazırlığı üzrə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Məzunlar adından çıxış edən Şəbnəm Əhmədova kurs zamanı qazandıqları nəzəri və praktiki biliklərdən danışıb, Mərkəzdə yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Daha sonra məzunlara sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti