...

Birinci rübdə neft hasilatı 51,3 faiz artıb

Energetika Materials 17 Aprel 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ İlin birinci rübü ərzində Azərbaycanda 10 milyon 400 min ton neft hasil olunub. Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm ötən ilki analoji göstəricidən 51,3 faiz artıqdır. Neft hasilatının əsas hissəsi Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür. Şirkət müvafiq zaman kəsiyində 8,2 milyon ton neft və 888,6 milyon kubmetr qaz hasil edib. Bu, ötən ilki göstəricilərdən müvafiq olaraq 76,6 və 30,8 faiz artıqdır.

2007-ci ildə yanvar-mart aylarında Azərbaycanda qaz hasilatının həcmi 2 milyard 099 milyon kubmetr təşkil edib. Bu, 2006-cı ilin müvafiq zaman kəsiyində qeydə alınan göstəricidən 26,9 faiz artıqdır.

Elektrik enerjisinə gəldikdə isə məlum olub ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 milyard 281 milyon kilovatt elektrik enerjisi istehsal edilib. Bu, ötən ilki göstəricidən 9,3 faiz azdır. Azalma tendensiyası istilik enerjisinin istehsalında müşahidə edilib. Belə ki, bu dövrdə 981,5 min Qkal. istilik enerjisi istehsal olunub. Bu isə ötən ilki göstəricidən 39 faiz azdır.

Xəbər lenti

Xəbər lenti